Ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elmin Rzayev ürəktutmadan vəfat edib.
E. Rzayev son 1 həftədə qəfil vəfat edən sayca üçüncü tələbədir.
Ürəktutma yaşı niyə bu qədər gəncləşib? Gənclərin bu yaşda ürək problemlərinin səbəbi nədir?
Bu mövzuda Yenisabah.az-a Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli danışıb.
Onun sözlərinə görə, son 1 həftədə vəfat edən gənclərin dəqiq ölüm səbəbini bilmək çox çətindir:
“Bu məsələdə ölən şəxsin həyat tərzi, müxtəlif zərərli vərdişlərinin olub-olmaması mütləq nəzərə alınmalıdır. Zərərli vərdişlər, energetik içkilər, narkotik vasitələr buna səbəb olmuş ola bilər. Bunları dəqiq bilmədən ölümlərin səbəbini ümumiləşdirmək doğru deyil.
İnsanın ürək-damar sistemində erkən yaşlardan elə problemlər olur ki, ona peşəkar həkim baxmadan bu problemi bilmək demək olar ki, qeyri-mümkündür. Gənc yaşından da ürəyin elektrokardeoqrafik, exokardeoqrafik vəziyyətlərini öyrənmək lazımdır. Elə sindromlar var ki, bu uşaq dünyaya gələndən onunla birgə olur, amma insan özü bunun fərqində olmur.
Belə şəxslərdə aritmiyalar olur, bəzən bu öz-özündən keçib gedir, bəzənsə qəflətən ürəktutmasına səbəb olur. Bu cür şəxslərdə qəfləti ölüm riski var”.
Həkim qeyd edib ki, vətəndaşlar gənc də olsa, mütləq müəyyən yoxlamalardan keçməli, hər hansı problem varsa, vaxtında müalicə olunmalıdır:
“Bizim millət profilaktik məsələlərə səthi yanaşır. Uşaq doğulduqda elə doğum evində onun exokardeoqrafiyası olunmalıdır. Ola bilər ki, uşağın ürəyində elə bir əzələ var ki, ora zədələnib. Bu hər zaman potensial gərginlikdir və müəyyən məsələlər zamanı ortaya çıxa bilər, bu zaman uşağın həyatını xilas ertmək mümkün olmayacaq.
Artıq ürəktutmadan dünyasını dəyişənlər cavanlardır, ötən il hətta idmançılardan biri bu səbəbdən dünyasını dəyişmişdi.
Gənclərin ölümünün müxtəlif səbəbləri ola bilər, xüsusilə, “peredozirovka” – normadan artıq yararsız narkotik maddələrdən istifadə edirlər, bu zaman belə ani ölümlər ola bilir, enerji içkiləri özü böyük təhlükədir. Ölkələrin bir çoxunda bu cür içkilər qadağan olunduğu halda, Azərbaycan özü istehsal edir. Hətta karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev enerji içkisini reklam edir. Belə biabırçılıq olmaz! İdmançı sağlam həyat tərzi əvəzinə, enerji içkisini təbliğ edir”.