Zaur Axundovun ailə klubu olan “Araz-Naxçıvan” (qardaşını kluba prezident qoyub, onun vasitəsi ilə idarəçiliyi əlində saxlayır) Azərbaycan futbolunun həm sensasiyası, həm də, biabırçılığıdır, ölkədə futbola münasibətin göstəricisidir.
İki aya yığılan komandanın çempionatda qabağına gələni topun altına salması, liderlər qrupunda qərarlaşması yəqin yalnız Azərbaycanda mümkün ola bilərdi. “Təcrübə”, “oturuşmuş heyət”, “anlaşma” – hamısı gedib işinin dalınca. Yəni, sənə sabah yaxşı pul ayrılsa, iki aya komanda yığıb, çempionları, vitse-çempionları, kubok sahiblərinin hamısını, cəmini, topunu, topun qabağına qoyub, istədiyin yerə qova bilərsən.
İllərlə iş görmək? Sistem qurmaq? Harda? Burda, Azərbaycanda? Güldürməyin adamı.
Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu!