“Bu gün televiziyaya çıxanların çoxu özlərini biabır edirlər. Ömürlərini havayı söhbətlərlə çürüdürlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib.
Uzun müddətdir mavi ekranlarda görünməyən sənətçi son dövrlər Azərbaycan televiziyasında baş verən hadisələri biabırçılıq adlandırıb:
“Kanalları açırsan, başdan-ayağa intriqadır. Qayınana gəlinlə, gəlin əri ilə dalaşır. Niyə bunu efirə çıxarırsınız?! Niyə özünüzü biabır edirsiniz?! Qohum-qonşu, millət var axı?! Siz nə istəyirsiniz?! Nədən danışırsınız?! Bir-birinizi efirlərdə qıra-qıra durmusunuz. Kanallarımız Azərbaycan qadını anlamını heç edir. Baxanda görürsən ki, elə bir hamı pisdir, gündə bizim ailələrimizdə qırğın var. Hamı da həvəslə danışır”.
Müğənni söyləyib ki, TV-yə çıxanların çoxu qaşını oynadıb abırsız-abırsız danışırlar:
“Əgər bunun nəticəsi olsaydı, bir söz deməzdim. Mən bilsəydim ki, efirə gələcəyəm, dərdimi danışacağam, oradakılar dinləyəcəklər, dərdimi böləcəklər, bölməkdən başqa, o dərdə çarə qılacaqlar, yaxud kobudluq edən həyat yoldaşımı yola gətirəcəklər, sözüm olmazdı. Amma hansı dərdlə gəlirsənsə, o dərdlə də çıxıb gedirsən. Əvvəl dərdini 3 nəfər bilirdisə, efirə çıxandan sonra 53 nəfər bilir. Heç kim də sənə kömək etmir. Onda niyə özünü biabır edirsən?!”
“Mən kanalları başa düşürəm. Onların işçiləri var, reytinq lazımdır. Heç olmasa, oraya gedənlər abırlı danışsınlar. Mən insanın şəxsiyyətlərini tapdalayıb oraya getməsinə təəccüb edirəm. Bunlar namussuzluqdur. Əgər efirə çıxıb abırsız şeyləri danışan adamlar tanınmaq istəyirsə, onda gedib başını divara vursun, qanı yerə tökülsün, onda hamı onu tanıyacaq. Yoxsa ki, çıxıb deyir ki, atamı xalamla görmüşəm. Utanmırsan?! Ananı, özünü düşünmürsən?! Bu sözdən sonra sənin qapını döyən, sənə elçi gələn, səni gəlin edən, səninlə evlənən, sənə inam göstərən olacaqmı?! Başa düşə bilmirəm”, – əlavə edib.
Müsahibimizin fikrincə, hər insan təbiətinə, tərbiyəsinə, düşüncəsinə və dünya görüşünə uyğun özünü aparır:
“Bu adamların şüuru dəyişməsə, elə belə də olacaq. Bu həyatda hər kəs öz istədiyini qoparmaq istəyir, ancaq bu cür etməzlər. Bizim dövrümüzdə Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova kimi xanımlar var idi. Hanı indi belə insanlar?! O vaxtı insanlar bir-birinin sözünə dəyər verib ürək sındırmazdılar. İndi hərəsi əlinə bir yaba alaraq düşüb o birisinin üstünə, nə gəldi danışır ki, onu tanısınlar. Soruşmaq lazımdır ki, səni nəyin hesabına tanıyırlar? Hansı mövzuda, dərdinlə tanınırsan? Heç kim bunların fərqinə varmır”.
“Bu gün keçən də, gələn də efirlərdə danışır. Görünən odur ki, xəstə adamlardır. Mən görmüşəm ki, ayıb işləri ailə gizlədər, ana deyər ki, abrını saxlayar, ana qızını yola salanda deyər ki, o evdən sənin meyitin çıxacaq, səsin yox. İndi isə baş verənlər dəhşətdir. Əlim üzümdə, “uy” deyə-deyə durmuşam. Bu gün belə tərbiyəsiz söz-söhbətlərin mənasız yarışı gedir. Kanallar nə etsin? Gəlib qapını kəsir, məişət mövzularını açır-tökür. Axırda da belə. Ona görə də bunları heç nə dəyişməyəcək. Dövran bu dövrandır, özümüzü öldürməyə dəyməz”, – fikirlərini yekunlaşdırıb.