“Maraqlı oyun oldu. Matçın belə gərgin keçəcəyini bilirdik. Hər şeyi kənara qoysaq, ilk növbədə Ağabalaya görə üzgünük. Allah ona şəfa versin”.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O bildirib ki, qorxduqları başlarına gəlib:
“Birinci hissədə oyunun taleyi həll oluna bilərdi. Təəssüf ki, qol epizodlarından istifadə edə bilmədik. Fasilədə futbolçulara ilk 5 dəqiqədə diqqətli olmağı tapşırdıq. Təəssüf ki, qorxduğumuz epizodlardan qol buraxdıq. Penalti epizodu bir qədər maraqlı idi”.
A.Abbasov hakimlikdən narazılığını ifadə edib:
“Hakimlik bərbad idi. Azərbaycanda yeni qaydalar çıxır. Eşitdiyimə görə, 17 qayda var, bizdə isə deyəsən 18-dir. Birinci hissədə epizodda hakim niyəsə Səlahətə sarı vərəqə verdi. Hakimlik bərbaddır, günü gündən də pisləşir. İkinci hissədə rəqib müdafiəyə oturdu. Amma günah özümüzdədir. Birinci hissədə yaxaladığımız şansları dəyərləndirməliyik”.
Mütəxəssis qeyd edib ki, komandasına qarşı qərəzlər çoxdur:
“Hakimlərin özləri də qaydaları bilmirlər. Gərək biz də gedək hakimliyi oxuyaq. Sadəcə biabırçılıqdır. Kimə şikayət edək? Təəssüf ki, hakim həmişə haqlıdır”./Qol.az