• 27 Noyabr 2024 17:00

Qızılca bu halda çəplik, korluq yarada, ölümlə nəticələnə bilər – Pediatrdan vacib tövsiyələr

 

“Qızılca güclü virusdur, immuniteti zəiflədir və tez zamanda ağırlaşmalara gətirir”.

Tacxeber.com xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, qızılca xəstəsinə müalicə yazdırmaq üçün onu özəl klinikalara, poliklinikalara aparmaq olmaz:

“Bu zaman oradakı körpələri, hamilələri risk altına salırsınız.
Virusa yoluxmuş xəstəyə xüsusi nəzarət lazımdır. Bu isə telefonla olmur. Ancaq birbaşa xəstə müayinə olunmalıdır. Buna görə sahə həkimi evə baş çəkməlidir.
Qızılca virusu xəstəliyin ilk bir həftəsində hələ səpkilər yox ikən daha çox yoluxucudur. Buna görə siz onu qrip ilə səhv salıb həkimə aparmağa tələsməyin. Gözlərdə qızartı, halsızlıq, davamlı başağrısı görsəz bilin ki, qızılca ola bilər və səpkiləri gözləyin. Eyni zamanda həkimə də məlumat verin”.

Pediatrın sözlərinə görə, qızılca epidemiyasının yayıldığı bir vaxtda peyvənd vurdurmaq düzgün deyil:

“İndi hamı əl-ayağa düşüb peyvənd vurdurmağa gedəcək. Bu, düzgün olmayacaq. Çünki indi epidemiya başlayır, bunun peyvəndi canlıdır. Siz uşağın yoluxduğunu bilmədən peyvənd etdirə bilərsiniz ki, bu da ağırlaşmaya səbəb ola bilər. Sahə həkimi ilə məsləhətləşin.

A.İsmayıladə deyib ki, qızılca ölümlə də nəticələnə bilər:

“Qızılca virus xəstəliyi olsa da, həm viral, həm də bakterial ağırlaşmalar tez görülə bilər: sətəlcəm (pnevmoniya), ensefalit (beyin iltihabı), meningit, karlıq, kolit və s.
Bu virus ölümlə də nəticələnə bilər.

Qızılca skarlatina və oxşar digər xəstəliklərlə fərqləndirilməlidir. Bu virusun səpgiləri xırda, birləşməyə meyilli olur, üzdən başlayıb bütün bədənə yayılır. Səpgilər mədə bağırsaqda da olur. Bu zaman pəhriz qidalanma lazımdır.

Gözlərdə güclü viral konyuktivit səbəbindən işıqdanqorxma olur. Qızılca virusu göz əzələ siniflərinin zədələyərsə, çəplik, görmə problemi, korluq yarada biler.
Xəstə ilə təmasda olan uşaqlara profilaktik immunoqlobulin təyin olunur.

Qızılcaya immunitet ömürlük yaranır. Peyvəndi iki dəfə edilir: 1 və 6 yaşda. Hamilələr və 12 aya kimi uşaqlara peyvənd edilmir. Buna görə xəstələr onları rahat yoluxdura bilər.
Peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül, simptomsuz keçirə bilər. Bununla yanaşı, onlar aktiv mənbə hesab olunmur.

Əhalinin 90%-dan çoxunun peyvəndli olması xəstəliyin yayılmasına əngəldir. Uşaqların peyvəndin vaxtında etdirmək lazımdır. Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticənin belə olması qaçılmaz idi”.

Tacxeber.com

Oxşar xəbərlər