• 20 Sentyabr 2024 20:33

Bizi qarabaqara izləyən gizli kameralar: Onları kim satır?

Bizi qarabaqara izləyən gizli kameralar:  Onları kim satır?

“Səlahiyyəti olmadan gizli kamera satan şəxsləri müxtəlif cəzalar gözləyir”.

Bunu “Yeni Sabah”a hüquqşünas Əsabəli Mustafayev deyib.

O, sosial şəbəkələrdə anonim şəxslərin gizli kameraların satışı və reklamını həyata keçirməsinə münasibət bildirib:

“İstər görüntü, istər səs qeydləri ilə bağlı gizli qaydada informasiya toplanması üçün nəzərdə tutulan texniki vasitələrin ölkəyə gətirilməsi qanunla qadağandır. Bunu edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə) görə, texniki vasitələr müsadirə edilməklə, 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir”.

Hüquqşunas bildirib ki, görüntü və səs cihazlarının qanunsuz şəkildə istifadəsi əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmaq deməkdir:

“Cinayət Məcəlləsinin 302.1-ci maddəsinə (Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə, 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ə. Mustafayev qeyd edib ki, mütəşəkkil dəstə tərəfindən bu barədə bir sıra cinayətlər, xaricdən malın alınması, ölkəyə gətirilməsi, satışı və istifadəsi həyata keçirildiyi təqdirdə 7-12 arası azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Sadəcə satış üçün nəzərdə tutulan cəza isə 3 ilə qədər həbsdir.

Tacxeber.com

Oxşar xəbərlər