Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova efirdə aparıcılara etiraz edib.
Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində aparıcıların ondan geyindiyi paltarı və taxdığı aksesuarların qiymətini öyrənməsi olub.
Aparıcının “Verilişə gələndə geyim və aksesuarlarınıza nə qədər pul xərcləmisiniz” sualını eşidən Damla əsəbiləşib:
“Sizin dəvətinizi qəbul edib, sevərək verilişinizdə qonağam. Amma çox istərdim ki, söhbətlərimizin dəyəri olsun. Paltarımın, taxdığım aksesuarların, ayaqqabımın qiyməti əminəm ki, heç kimə maraqlı deyil.
Düşünürəm ki, insanlar saxta olan müsahibələrdən, yersiz pafoslu çıxışlardan doyublar. Daha səmimi, mənalı, gözəl şeylər görmək və dinləmək istəyir tamaşaçı”.
Onun bu çıxışından sonra verilişin aparıcıları sözügedən rubrikanı kənara qoyub, başqa mövzuya keçməli olublar.