• 23 Noyabr 2024 23:12

Naxçıvanda mərkəz direktoru 10 min manat maaş alır – Sensasion iddia

“Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin direktorunun aylıq 10 min manat əməkhaqqı alması iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, mərkəzin direktoru Əli Orucov 10 min manat maaş alır və həmin qurumun işçilərinin həmin məbləğlə müqayisədə az maaş alması narazılıq yaradıb.

Məsələ barədə “Naxçıvan Sağlamlıq Mərkəzi” ilə əlaqə saxladıq.

Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasında “Tibb işçilərinin əməkhaqqının ödənilməsinə” dair yeni qaydalar tətbiq edildikdən sonra əməkhaqqının ödəniş sistemi Azərbaycan Respublikasının digər bölgələri ilə eyniləşdirilib:

“Xəstəxanalarda tibbi heyətlə yanaşı, qeyri-tibbi heyətin də əməkhaqları qaydalara əsasən müəyyənləşdirilib. Hazırda “Naxçıvan Sağlamlıq Mərkəzi”nin direktor müavini 2800 manat maaş alır. Həmin vəzifənin icrası isə Əli Orucova həvalə olunub.

Qeyd edək ki, yeni qaydaların tələblərinə uyğun olaraq, tibb müəssisələrinin kateqoriyaları da müəyyən edilib. Belə ki, kateqoriyalar xəstəxana rəhbərliyinin və qeyri-tibbi heyətin əməkhaqqının formalaşmasına birbaşa təsir göstərir. Buranın ən böyük tibb müəssisəsi olan Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Perinatal Mərkəz bölgə üzrə ən yüksək balla 3D kateqoriyasındadır.

Digər xəstəxanalar isə müvafiq olaraq 2C və 2D kateqoriyasında müəyyənləşib. Yəni Naxçıvan Muxtar Respublikasında ən yüksək 3A kateqoriyasında xəstəxana olmadığından qeyd olunan direktor əməkhaqqı məbləği muxtar respublikada tətbiq edilmir. Direktor müavininin əməkhaqqı isə direktorun əməkhaqqının 50 faizinədək ola bilər”.

Qeyd edilib ki, qaydalara əsasən, hazırda həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşdığından, işlərinin nəticəsinə görə 5000 manatdan yuxarı əməkhaqqı alanlar var.

Xatırladaq ki, bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən muxtar respublikada səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması məqsədilə yeni tibb müəssisələri yaradılıb.

Həmin fərmanda “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin əsasında “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

Tacxeber.com

Oxşar xəbərlər