• 21 Sentyabr 2024 08:30

“Atam Şuşadan ən son çıxanlardan olub, valideynlərim həsrətlə dünyadan köçdülər”-FOTO

“Atam Şuşadan ən son çıxanlardan olub, valideynlərim həsrətlə dünyadan köçdülər”-FOTO

“3 il əvvəl təqvimin bu günü idi. 2020-ci il, 8 noyabr! Bu günü biz həsrətlə gözləyirdik. Ölkə başçısı hər dəfə işğaldan azad olunan torpaqların adını sadalayanda televizor qarşısında böyük sevinc yaşayırdıq, həyəcan keçirirdik. Arzulayırdıq və ümid edirdik ki, cənab prezident bir gün Şuşanın da adını efir vasitəsilə səsləndirəcək. Prezidentimiz noyabrın 8-də hərbi geyimdə xalqa müraciət edəndə biz başa düşdük ki, Şuşa artıq düşməndən azad olunub. “Şuşa azaddır” deyib elə qışqırdıq ki. O günü heç vaxt yaddan çıxara bilmərik. Şuşa işğal olunanda nə əziyyətlər yaşamışdıqsa, nə ağrı-acılar çəkmişdiksə noyabrın 8-i onun əksi olaraq böyük sevinc yaşadıq. Elə bir hiss yaşadıq ki, bunu dillə demək, cümlələrə sığdırmaq mümkün deyil. Səsimiz əsə-əsə əllərimizi göyə qaldırdıq, şəhidlərimizə Allahdan rəhmət dilədik. Bütün qazilərimizə Allahdan şəfa diləyirik. Çox xoşbəxtik ki, İlham Əliyev kimi sərkərdəmiz var. Allah onu Azərbaycan xalqına çox görməsin! Şuşa Qarabağın tacıdır. Qarabağ üzük, Şuşa isə onun brilliant qaşıdır”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aktrisası Firəngiz Mütəllimova deyib.

Xalq artisti bildirib ki, 30 ildə Şuşanı bir gün belə yadından çıxarmayıb.

“Şuşada çətin vəziyyət yaranan ərəfələrdə mən qardaşımla Bakıda qalırdım. Ən çox anam, atam və bacılarıma görə narahat idim. Hər gün zəng edib maraqlanırdım. Deyirdilər ki, səhərə qədər atışma olub, zirzəmidə qalmışıq. Qorxu içində yaşayırdılar. Atam Şuşadan ən sonuncu çıxan şəxslərdən biri olub. O günləri indi də xatırlayıram. Hamısı bir-bir kino lenti kimi gözümün önündən keçir. Anam, atam, məhəlləmiz, evimiz.. Nə bilim! Heç vaxt unutmuram. Anam xəstə idi, ona hardansa bənövşə gülü gətirdik. Yalandan dedik ki, Şuşadan gəlib. Anam bənövşəni iyləyən kimi atdı. Dedi ki, bu Şuşa bənövşəsinin ətrini vermir. Şuşanın güllərinin, çiçəklərinin ətri tam başqadır. Şuşa həsrəti ilə dünyadan köçən hər kəsin ruhu bu gün şaddır. Bu gün mənim xalq artisti, sevimli aktrisa olmağımın başlıca səbəbi də elə Şuşadır. Oranın mühitidir. Çünki Şuşada evimizlə üzbəüz “Vaqif” kinoteatrı var idi. Qapıdan çıxan kimi kinoteatra gedirdim. Ermənilər həmin kinoteatrı yerlə-yeksan ediblər. Elə bil ki, orada heç kinoteatr olmayıb. Çox şey yerində deyil, yoxdur. Əsas orada Azərbaycanın nəfəsi var, biz varıq. İnanıram ki, hər şey əvvəlkindən də gözəl olacaq. Yaşasın azad, müstəqil Azərbaycan” deyə xalq artisti bildirib.

Tacxeber.com

Oxşar xəbərlər