• 24 Noyabr 2024 15:40

“Saakaşvilinin taleyi Ukraynanın qələbəsindən asılıdır” – Qordon

“Mən bu yaxınlarda Mixailə çox yaxın olan adamlardan biri ilə danışmışam, ümidverici xəbərlər yoxdur…”

“Həkim komissiyası siyasətçidə əzələ atrofiyası, çəkinin azalması və təzyiqin kəskin düşməsi, müvazinətin və koordinasiyanın pozulması, psixi fuksiyaların xeyli aşağı düşməsi və depressiya əlamətlərini qeyd edib…”

Ukrayna Rusiyaya qalib gələn kimi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dərhal azadlığa çıxacaq.

 

Bu fikri “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon teleaparıcı Vasili Qolovanova müsahibəsində ifadə edib.

“Mən bu yaxınlarda kiminlə danışdığımı söyləməyəcəyəm…O, Mixailə çox yaxın olan bir adamdır. Ümidverici xəbərlər yoxdur”, – Qordon məlumat verib.

Onun sözlərinə görə, vəziyyət yalnız Rusiyanın Ukraynada məğlub olacağı təqdirdə dəyişə bilər.

“Mixail Saakaşvilinin taleyi Ukraynanın müharibədə qələbəsindən asılıdır. Ukrayna Rusiyaya qalib gəldikdən dərhal sonra Saakaşvili azadlığa çıxacaq, mən buna əminəm”, – Qordon bəyan edib.

İki ildən artıqdır ki, həbsdə olan Saakaşvilinin səhhəti daima pisləşir. İyulun 3-də Saakaşvili məhkəmə iclasına distant formatda qoşulanda, siyasətçinin xeyli arıqladığı və çox zəif göründüyü hiss olunub.

Bu, Ukraynada narahatlıq doğurub. Ukrayna xarici işlər naziri Dmitri Kuleba Gürcüstan hakimiyyətinin Saakaşvilini ölüm həddinə çatdırmaq istəyindən narahat olduğunu ifadə edib.

2023-cü il aprelin 2-də Saakaşvilini ziyarət edən həkim komissiyası onun səhhətinin pisləşməsi barədə bəyan edib.

Onlar siyasətçidə əzələ atrofiyası, çəkinin azalması və təzyiqin kəskin düşməsi, müvazinətin və koordinasiyanın pozulması, psixi fuksiyaların xeyli aşağı düşməsi və depressiya əlamətlərini qeyd edib.

Mayın 3-də Saakaşvili məlumat verib ki, şüurunu itirib və ölümdən dönüb.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Vəzifəsindən getdikdən sonra o, ölkəni tərk edib, Ukraynada yaşayıb və işləyib, Ukrayna vətəndaşlığı alıb.

Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb. O, hakimiyyətdən sui-istifadə etməkdə və siyasi opponentlərini təqib etməkdə şübhəli bilinib.

Hələ Gürcüstana dönməzdən öncə ona qiyabi olaraq altı il həbs cəzası verilib. Saakaşvili ona qarşı cinayət işlərini siyasi motivlərlə əlaqələndirir.

2021-ci ilin oktyabrın 1-də Saakaşvili Gürcüstana döndüyü barədə məlumat verib. Elə həmin gün siyasətçi saxlanılıb və həbs edilib. Gürcüstan Prokurorluğu ona qarşı

sərhəddi qanunsuz keçməsi ilə bağlı daha bir cinayət işi açıb.

Həbsxanada olduğu müddətdə Saakaşvili bir neçə dəfə aclıq elan edib. 2022-ci ilin may ayında o, Tbilisidəki “Vivamed” mülki klinikasına keçirilib və hazırda orada nəzarət altındadır. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər