Armen Badalyan: ”Yaxın vaxtlarda Ermənistan dəhlizə çevriləcək”
“Qərb bütün Ermənistanı Zəngəzur dəhlizinə çevirmək qərarına gəlib”.
Bunu erməni siyasi ekspert Armen Badalyan deyib.
Onun sözlərinə görə, Ermənistanda indiki hakim komanda bir neçə məqsədi həyata keçirmək üçün hakimiyyətə gətirilib: “İlk növbədə Qarabağı təslim etməklə məsələni bağlamaq lazım idi ki, bu da artıq həyata keçirilib. İndi növbədə Zəngəzur dəhlizidir. Bu layihə Qərb üçün strateji əhəmiyyət kəsb edir”.
Badalyan qeyd edib ki, Paşinyan hakimiyyəti dəhlizi açmağa hazırdır. Lakin İranın hərbi müdaxiləsindən qorxur. İndi Qərbin hədəfi Rusiyanın Ermənistandan sıxışdırılmasıdır. İşlər də bu istiqamətdə aparılır: “Ermənistan Rusiyanın iştirak etdiyi bütün hərbi-siyasi birlikləri boykot etməyə başlayıb.
Ermənistan de-fakto KTMT-dən çıxıb. Ölkə təlimlərdə iştirak etmir. Praktiki olaraq eyni vəziyyət MDB-də də müşahidə olunur. Ermənistanın bu təşkilatlardan imtinası Avropanın planıdır. Onlar Rusiya hərbi bazasının Ermənistanı tərk etməsi üçün bütün səylərini səfərbər edib. Əgər bu baş versə, rusların yerini Qərb tutacaq. Hal-hazırda Ermənistanda 500 nəfərdən çox Avropa İttifaqının müşahidə missiyası fəaliyyət göstərir.