• 23 Noyabr 2024 00:05

Medianın İnkişafı Agentliyi qeydiyyatdan keçməmiş saytları məhkəməyə verməyə başlayıb

Azərbaycan Medianın İnkişafı Agentliyi media reyestrində qeydiyyatdan keçməyən saytları məhkəməyə verməyə başlayıb.

Dia.az saytının rəhbəri Məhəmməd Zamanov  Turan-a bildirib ki, Agentlik “onun fəaliyyətinə xitam verilməsilə” bağlı Bakı Apellyasiya Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində qeyd olunub ki, Zamanov müəyyən edilmiş müddətdə reyestrə daxil olmaq üçün müraciət etməyib, ona görə də onun jurnalist kimi və saytın media qurumu kimi fəaliyyəti qadağan edilir.

“Mənə deyə bilərlər ki, bu vaxta qədər niyə reyestr üçün müraciət etməmisən? Amma müraciətin nə faydasl var? Oxşar tənqidçi saytların bəziləri müraciət ediblər, onların başına nələr gəldiyini gördüm və ona görə də müraciət etmədim”, – Zamanov deyib.

O əlavə edib ki, rəhbərlik etdiyi sayt fəaliyyətini davam etdirir və məhkəmə qərarı iddianı təmin etsə belə fəaliyyətini dayandırmayacaq.

Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Səfiyeva Turan-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik bu qurumun mizamnaməsində nəzərdə tutulmuş media subyektlərinə qarşı tədbirlər görür. Bu, media haqqında qanunu kobud şəkildə pozan mediadır. Lakin o, belə medianın nə qədər olduğunu açıqlamayıb.

2022-ci ilin oktyabrın 14-də Azərbaycan jurnalistlərinin və KİV-in reyestrində qeydiyyat başlayıb. Qeydiyyat 6 ay ərzində aparılıb və bu ilin aprelində başa çatıb.  Hələ keçən il Medianın İnkişafı Agentliyi bildirib ki, qeydiyyat üçün müraciət etməyən media subyektlərinin fəaliyyətinin qanuniliyi məhkəmə tərəfindən araşdırılacaq.

Media haqqında yeni qanun 30 dekabr 2021-ci ildə qəbul edilib və 8 fevral 2022-ci ildə dövlət başçısı onu imzalayıb və qüvvəyə minib.

Qanun müstəqil media ekspertlərinin, bir çox jurnalistlərin, beynəlxalq qurumların tənqidlərinə məruz qalıb. Onlar qeyd ediblər ki, sənəd mətbuat və söz azadlığının məhdudlaşdırılmasına yönəlib.

Tacxeber.com

Oxşar xəbərlər