• 23 Noyabr 2024 08:28

Şabanın oxuduğu Azərbaycan mahnısının siyasi tarixçəsi – VİDEO 

 

Türkiyəli mərhum aktyor, hamımızın Şaban kimi tanıdığı Kamal Sunalın “Hababam sınıfı” filmində Azərbaycan mahnısını oxumasının maraqlı tarixçəsi məlum olub. 

Tacxeber.com xəbər verir ki, “Film Aç” səhifəsi bununla bağlı kiçik videosüjet hazırlayıb.

Belə ki, filmdə müəllim Şabana “Lalə dövrü” ilə bağlı sual verdikdə o, “Lalələr” mahnısını ifa edir.

Burada maraqlı məqam ondan ibarətdir ki, ekran işi 1977-ci ildə çəkilsə də, Türkiyədə populyarlıq qazanması, daha əvvəllər baş verib. Yerli mənbələrdə mahnının ortaya çıxmasının 1970-75-ci illərə təsadüf etdiyi qeyd olunur. Lakin Türkiyədə bu mahnı 1969-cu ildə müğənni Kamuran Akkor tərəfindən oxunaraq vala yazılıb.

Bununla məlum olur ki, mahnının tarixi daha əvvəllərə dayanır.

Müəllif izləyicilərinə təklif edir ki, kimin sözügedən mahnı ilə bağlı informasiyası varsa, rəydə bölüşsün.

Səhifə üzvlərindən biri bununla bağlı yazıb ki, mahnı 1918-ci ildə Nuri paşanın rəhbərliyi altında türklərin Azərbaycana gəlməsi şərəfinə yazılıb: “Ehtimal ki, sözləri Əhməd Cavada aiddir. Qırmızı, qara qotazlı Osmanlı fəsi laləyə bənzədilir:

…Nə vaxtdır, Bakının gözü yoldadır
Bir qonaq gələsiz, bizə lalələr…

1918-cu il, 15 sentyabr Bakının azad olması”.

Digər bir izləyici isə qeyd edir ki, “Lalələr” mahnısının ifaçılarından biri Rəşid Behbudov olub. Rəşid Behbudov adına fondun rəhbəri Kamil Şahverdiyev bu mahnı haqda belə deyib: “…Türk ordusu Azərbaycana gələndə onlara insanlar tərəfindən el mahnısı həsr olunub. Sonradan Aslan Aslanov bir qədər düzəliş edib və bu mahnını ərsəyə gətirib. Uzun müddət hamı bunu Gəncəyə, gülə-çiçəyə həsr olunmuş mahnı kimi tanıyıb. Çünki SSRİ zamanında heç kim açıb deyə bilmirdi. Mahnının son misrasında Bakı sözü dəyişdirilib, “Nə vaxtdır Rəşidin gözü yoldadır” formasında oxunub. Sovet vaxtı axı bunu kim dilinə gətirə bilərdi?!”

Tacxeber.com

Oxşar xəbərlər