• 27 İyul 2024 10:59

“Həkim dedi ki, ayağı kəsilməlidir, dedim ki, qorxma Emil, səni atmayacam”-Sabrina Emilin son günündən danışdı-FOTO

“Həkim dedi ki, ayağı kəsilməlidir, dedim ki, qorxma Emil, səni atmayacam”-Sabrina Emilin son günündən danışdı-FOTO

Tanınmış müğənni Emil Rəhmanovun həyat yoldaşı müğənni Sabrina Moderator.az-ın suallarını cavablandırıb.

-Sabrina xanım, Emilsiz günləriniz necə keçir?

-Çox çətindir. O gün yoxdur ki, mən otağa daxil olanda onun yatdığı yeri, paltarlarını görüb ağlamayım. Emil mükəmməl insan idi. Heç kimi incitməzdi. Nə etdisə özünə etdi. Toparlanmağa, sənətimi davam etdirməyə çalışıram. Düşünürəm ki, nə vaxtsa mən də onun yanına gedəcəm. Tək təsəllim budur.

-Emillə sizi kim tanış etmişdi?

-Mən o vaxt İstanbulda yaşayırdım, Bakıya qonaq gəlmişdim. Bizim ortaq tanışlarımız var idi. Dedilər ki, Emil 2 gündür həbsxanadan çıxıb, ona qulaq asmağa gedirik, sən də gəl. Mən də getdim. Restoranda hesabı mən ödəmək istəyəndə o qoymadı. Biz dost kimi elə olurdu ki, hər gün görüşüb otururduq, amma bir-birimizdə nömrələrimiz yox idi. Mənə çox diqqət göstərirdi. Bir gün mənə zəng etdi. Bilmirəm nömrəmi kimdən almışdı?! Dedi ki, sən çox yaxşı qızsan, musiqiçilərdən də soruşmuşam, heç kim sənin haqda pis söz demir. İstanbula nə vaxt gedəcəyimi soruşdu. Xahiş etdi ki, bir az biletimin vaxtını uzadım. Bir gün də məni anası ilə tanış etdi, qəfildən dedi ki, ana, sənin üçün gəlin tapmışam. Fikirləşdim ki, yəqin zarafat edir. Mənə demirdi ki, səninlə evlənmək istəyirəm. Gəlirdi binanın qabağına, deyirdi ki, düş aşağı səni görüm. Hiss edirdim ki, bu artıq dostluq münasibətləri deyil. Sonda dedi ki, mənimlə evlənə bilərsən?! Cavabım da heç bir tərəddüdsüz “hə” oldu. Ruhumuz bir-birinə yaxın idi. Oxuduqca ona aludə olurdum, mənimlə mədəni davranırdı. Güclü xarakteri var idi.

-Emilin ən pis cəhəti nə idi?

-Çox səbrsiz idi. Bəlkə də onun pis xasiyyətləri olub, amma mən unutmuşam. Çünki Emili yaxşı xatırlamaq istəyirəm.

-Həyatda ən çox sözünü dinləyən insanlardan biri də siz olmusunuz. 

-Bəli, sözümə çox baxırdı, dinləyirdi. Bir həyat yoldaşı kimi yox, sanki bir anası idim. Özünü sındıran deyildi, deyirdi ki, xoşlamıram ki, kişi qadın sözü ilə oturub-dursun, amma son məqamda yenə də mənim sözümə gəlirdi.

-Övladınızın olmaması sizin münasibətlərinizdə soyuqluq yaratmırdı ki? 

-Əlbəttə ki, övlad istəyirdi. O mənim qızım Zəhranı öz balası kimi əzizləyirdi. Emil üçün fərq etmirdi ya öz bioloji qızı, ya da mənim qızım. Sonuncu dəfə dedi ki, müalicədən çıxmışam, təmizəm, özümə güvənirəm. Nə barədə? O həmişə qorxurdu ki, etdiyi səhvlər uşağa nəsə zərər verər və s. O çox düşüncəli insan idi. Hətta məndən də çox!  Deyirdi ki, oğlum olsa Rəhman, qızım olsa Rüqəyya adını qoyacam. Mənim qızıma elə atalıq etmişdi. Zəhra 7-8 aylıq olanda gözünü açıb elə onu görmüşdü.

-Sabrina xanım, Emilin son günlərini necə xatırlayırsınız?

-O günü heç unuda bilmirəm. 2-3 gün idi evdə dincəlirdi, sentyabrın 21-də Gəncəyə toya getməli idik. 18-də dedi ki, ayağım ağrıyır. Gördüm ki, ayağının üstü şişdir. Rəngi də boğulmuşdu. Əlimi vurdum bədəninə gördüm ki, bumbuzdur. Həmişə əli-ayağı isti olurdu. Təcili tibbi yardım çağırdım. Dedilər ki, təzyiqi aşağıdır. Həkim aparmaq istəyəndə getmədi. Çay-çörək verdim, yeyib yatdı. Dostunu çağırdım ki, mənə kömək etsin, onu həkimə aparaq. Birtəhər evdən çıxarıb həkimə apardıq. İynə-dərman etdilər, təzyiqi yenə də aşağı oldu. Həkim dedi ki, ayağı kəsilməlidir. Etiraz edəndə dedim ki, Emil, elə bilirsən ayağın kəsiləndə səni atacam?! Bir az zarafat etdim onunla. İstəyirdim ki, əhval-ruhiyyəsi yaxşı olsun. Getdik, həkim dedi ki, artıq tromblaşıb. Həkim onu əməliyyata da almadı. Deyirdim ki, təki Emil yaşasın, evimi-eşiyimi də sataram. Bir az ümid yeri istəyirdim. Həkim dedi ki, hara istəyirsiz aparın, artıq əməliyyatlıq deyil, gedin hazırlığınızı görün. Çox keçmədi ki, Emili itirdik (ağlayır).

-Emili itirəndən sonra sizi dəstəksiz, tək buraxan dostları oldumu?

-Elə insanlar var idi ki, onları həqiqətən Emilə dost bilirdim. Nəinki incik düşmək, onların nömrələrini də telefonumdan silmişəm. Heç bir əlaqəmiz də ola bilməz. Amma yaxşı dostlar da sağ olsunlar. Yas mərasimində mənim dərdimə yanan insanları da gördüm. Emilin bir dostu var ki, xəstə olanda da, yas mərasimində də mənim yanımda oldu. Tək özü yox, ailəsi də. Hər gün onun üçün ağlayır. Emilin geyimlərindən də ona vermişəm. Yaxşı dostlar azdır, amma var. Süni, yalançı dostları da ümumiyyətlə həyatımdan silmişəm.

-Qaynatanız Rəhman müəllimə və ailəsinə necə təsəlli verirsiniz?

-Bir gündən bir Rəhman müəllimin yanındayam. Ya mən onlara gedirəm, ya da o bizə gəlir. Başını qatıram, danışıb-gülürəm, qucaqlayıb öpürəm. Mən ondan, o da məndən Emilin qoxusunu alır. Ona hər zaman dəstək olacam. Bir ömür o mənim atam olaraq qalacaq. Nəinki Rəhman müəllim, elə anası da. Hər zaman onların hörmətlərini saxlayacam. Çalışacam ki, möhkəm durum, Rəhman dayıya dəstək olum. Məncə Emil də bunu istəyərdi.

Oxşar xəbərlər