“Payız aylarında ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova deyib. O bildirib ki, bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir.
“B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır” – o söyləyib.
N.Qasımova əlavə edib ki, payız aylarında əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir:
“Bunlardan biri sink, digəri isə maqneziumdur.
Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır.
Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir”.