İctimai fəal Bəxtiyar Hacıyevin işi üzrə ibtidai istintaq yekunlaşıb, o, Cinayət Məcəlləsinin 8 maddəsilə ittiham olunur.
Toplum TV xəbər verir ki, bu barədə noyabrın 13-də vəkil Rövşanə Rəhimli “Turan” informasiya agentliyinə açıqlamasında bildirib.
Hacıyev Cinayət Məcəlləsinin bu maddələrilə ittiham olunur: 192.1 (qanunsuz sahibkarlıq); 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılması); 206.1 (qaçaqmalçılıq): 213.1 (vergi ödəməkdən yayınmaq); 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimətlə bağlı xuliqanlıq); 289.1 (məhkəməyə hörmətsizlik); 320.1 (şəxsiyyət vəsiqəsinin və ya digər rəsmi sənədin saxtalaşdırılması və ya qanunsuz hazırlanması, ştampların, möhürlərin, blankların saxtalaşdırılması); 320.2 (bilərəkdən saxta sənədlərdən istifadə).
Vəkil qeyd edib ki, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Ünvanlanan ittihamlar arasında təkcə 193-1.3.2-ci maddəyə əsasən, 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Xatırlatma
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs olunub. Məhkəmə ona qarşı həbs-qətimkan tədbirini bir neçə dəfə uzadıb.
İctimai fəal həbsinə etiraz olaraq bir neçə dəfə aclıq aksiyası keçirib. Hacıyev həbsdə ikən onu gözdən salmaq üçün sosial media kanallarında kampaniya başladılıb. Burada onun şəxsi həyatına aid materiallar və intim görüntülər paylaşılıb. Bir çox ictimai və siyasi xadimlər ictimai fəalın fəaliyyətinə bu cür kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu bildiriblər. Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri Hacıyevin həbsini sifarişli sayıb və Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb ediblər.