• 24 Noyabr 2024 18:47

Cəmiyyət bu qadınların xəyanətinə haqq qazandırır – Qalmaqallı psixoloqdan yeni açıqlama

Cəmiyyət bu qadınların xəyanətinə haqq qazandırır - Qalmaqallı psixoloqdan yeni açıqlama

“Həyat yoldaşı onu atıb, başqa ölkəyə gedən qadınların xəyanət etməsinə cəmiyyət az da olsa haqq qazandırır”. 

Bu sözləri “Yeni Sabah”a xəyanət mövzusunda danışan psixoloq Əfsanə Rüstəmova deyib.

O bildirib ki, qadın xəyanəti cəmiyyətdə hər zaman rezonans doğurur:

“Heç bir cəmiyyətdə xəyanət normal qarşılanmır və bu kişinin yaxud qadının xəyanəti olaraq iki yerə bölünmür. Düşünürəm ki, bizim cəmiyyətdə də belə olmalıdır. Təəssüflər olsun ki, həmin norma bəzən inanca görə dəyişir. Qadınlara nisbətən kişilərin xəyanəti bizdə daha qəbuledilən həddədir. Bunu isə gah dinlə, gah da kişinin yaradılışı ilə əsaslandırırlar. Ona görə də kişilərin xəyanəti bağışlana bilən günah olaraq görülür. Qadının xəyanəti isə adətən cəmiyyətdə böyük rezonans yaradır. Əgər bu cinsin nümayəndələri xəyanəti seçirsə, bundan sonra onlara bütün pisliklər rəva görülür. Belə olan zaman alçaldıcı ifadələr işlədilərək qadınlar təhqir edilir.

Cəmiyyət bunu etməkdə haqlıdır. Çünki bu ilk növbədə onun qanunlarından biridir. Əgər biz bu toplumda yaşayırıqsa, deməli ona uyğunlaşmaq məcburiyyətindəyik. Lakin sözügedən məsələdə qadın və kişi ayrımının olması ədalət tərəzisində natarazlıq yaradır.

Qadına o halda cəmiyyət cüzi də olsa haqq qazandıra bilir ki, onun həyat yoldaşı onu atıb, başqa ölkəyə kef dalınca getsin. Belə hallarda qadın o cəhətdən haqlı sayılır ki, kişinin qayğısına, sevgisinə ehtiyac duyduğu zaman o xanımın yanında olmur. Ancaq bunu ailəsininin maddi istəklərini və dolanışığını təmin etmək üçün ev-eşiyindən məcburi şəkildə uzaq düşən adamlara aid etmək doğru deyil”.

Psixoloq xəyanətin baş vermə səbəblərini də açıqlayıb:

“Xəyanət o zaman baş verir ki, iki şəxsin arasında ünsiyyət problemi olsun. Bu ilk növbədə sözlü kommunikasiyanın itməsinə səbəb olur. Daha sonra emosional kommunikasiya itkisi yaşanır. Ardınca tərəflərdən hansısa biri öz-özünə danışmağa başlayır ki, görəsən o məni hələ də və həqiqətən sevirmi? Bu sualların cavabına görə istiqamət dəyişir. Əgər “hə” cavabıdırsa, partnyor sevdiyini sübuta yetirir və cütlük yenidən öz xoşbəxt həyatına davam edir. Əks halda isə “görəsən məni başqa insan sevə bilərmi?” deyə insanlar digər istiqamətlərə yönəlməyə başlayırlar. Emosional anlamda tək qalan kişi və qadınlar özlərini təmin etmək üçün bu yollara əl ata bilirlər. Bu cəmiyyətdə birmənalı qarşılanmır. Lakin münasibətlərdə bəzən elə bir uçurum yaranır ki, bağlar qopur və cütlüklər bir-birini görmək, eşitmək, anlamaq istəmirlər. Bu halda isə ən rahat olan xəyanət ehtimalı ağla gəlir.

Hər bir halda ortada bir duyğu və münasibət varsa, onun müəyyən mərhələyə çatması üçün tərəflər zaman, güc və əmək sərf ediblər. Zaman limitli resursdur. Bu qədər limitli resursu olan bir insan başqa adam üçün bunu xərcləyirsə, münasibətin tez bir zamanda bitməyinə icazə vermək doğru olmaz.

Münasibətlərdə əsasən iki axın var. Bunlardan birincisi, sədaqətin vacibliyinə və hislərin dəyişməz olduğuna inanırlar. Bu axının nümayəndələri qarşı tərəfdən sədaqət gözləyirsə, o zaman mütləq şəkildə həmin şəxslə xoş xatirələrinin sayını çoxaltmalıdırlar. İkinci axın isə dünyada hər şeyin, o cümlədən, hislərin dəyişə biləcəyinə inanırlar. Onlar daima duyğularını sorğulamalıdırlar. Həmin şəxslər bütün həyatlarını eyni adama sərf etmək istəmirlər. Ancaq hər iki halda xəyanət anlayışı yoxdur”.

Ekspert bildirir ki, insanlar özlərini xəyanətdən yalnız bir yolla sığortalaya bilərlər:

“Qarşılıqlı münasibətlər zamanı kişi və qadınlar öz aralarında mütəmadi olaraq münasibətləri barədə danışmalıdırlar. Qarşı tərəf əsəbi, kefsiz, yorğun və digər qayğılarla mübarizə aparan zaman belə onunla danışmaq, ünsiyyət qurmaq çox vacibdir. Biz duyğularımızı dilə gətirməkdən çəkinməməliyik. Partnyorumuzdan hər hansı diqqətsizlik və soyuqluq hiss etdiyimiz anda bunu ona bildirmək lazımdır. Dərk etməliyik ki, sevgili, həyat yoldaşı, yaxud partnyorumuz bizim düşmənimiz deyil. Bu cür davranış sərgiləyən zaman münasibəti düzəltmək və problemləri qaydasına sala bilmək üçün çox böyük bir şans əldə edə bilərik.

Biz uşaqlıqdan duyğularımızı dilə gətirməyə çəkinirik. Çünki cəmiyyətdə sözünü demək istəyən zaman insan ağzından vurulur. Bu səbəbdən insanlar öz duyğu və düşüncələrini ifadə etməkdə çətinlik yaşayır. Belə olduqda isə həmin duyğunu alternativi ilə əvəzləyirik.

Hər bir halda xəyanəti seçmədən öncə partnyorumuzla danışmalı, əgər bu həddən keçibsə münasibəti sonlandırmalıyıq ki, faciəli sondan özümüzü qoruyaq”.

Tacxeber.com

Oxşar xəbərlər