Rövnəq Abdullayevin özbaşınalıqları məhkəməyə daşınır? – Ölkədən çıxışına qadağa qoyulub
Son günlər mətbuatda Rövnəq Abullayevin ölkədən çıxışına qadağa qoyulması, həmçinin onun külli miqdarda qanunsuz əməllərdə ittiham olunması barədə xəbərlər yayılır.
Əslində R,Abdullayevin hələ oğlunun 1 milyon dollarlıq saatının oğurlanması barədə xəbərlərdən sonra onun vəzifədən gedəcəyi söylənilirdi. Eyni zamanda Rövnəq Abdullayevin rəhbərliyi altında dövlət neft şirkətinin adı neft pullarının mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı beynəlxalq hesabatlarda çox hallanıb.
Global Witness təşkilatı, beynəlxalq araşdırmaçı jurnalistlərin təşkilatı OCCRP kimi beynəlxalq təşkilatlar Rövnəq Abdullayevin SOCAR-a rəhbərlik etdiyi illərdə yol verilən bir sıra qanunsuz əməllər barədə məlumatlar yayıb.
Ancaq bununla da bitmir. SOCAR sədri Rövnəq Abdullayev qohumları ilə yaratdığı birləşmə, korrupsiyada tez-tez adının çəkilməsi və sair xəbərlərlə medianın gündəmində olub. 2013-cü ildə beynəlxalq araşdırma şirkəti olan ”Global Witness” yazırdı ki, özəl şirkətlər Azərbaycan neftindən milyonlarla dollar qazanır. Bu özəl şirkətlərin isə sahibi bəlli deyil.
Mediada yayılan məlumatlara görə, R.Abdullayevin oğlu Rəşad Abdullayevin təkcə Türkiyədə məlum olan 5-dən çox şirkəti var: “Alpha Roger Holding”, “Alpha Roger Medya Yayıncılık”, “INDEX”, “B-LONG Resort Restaurant”, “Tramarketing” qida pazarlama və sair.
Xatırladaq ki, 2015, 2016 və 2017-ci illərdə 59 nəfər neft işçisi həyatını iş vaxtı itirib. 2015-ci ildə Günəşli yatağında baş verən partlayışdan sonra həyatlarını itirən işçilərin ailələri üçün 80-140 min konpensasiya ayrılıb. Amma ailələr bu konpensasiyanın onlara verilmədiyini, yalan olduğunu iddia ediblər. Bu neqativ hal da məhz Rövnəq Abdullayevin SOCAR-a rəhbərlik etdiyi dövrdə baş verib.