Xəbər verdiyimiz kimi, son günlər “Getcontact Premium” mobil tətbiqi barədə şikayətlərin ardı-arası kəsilmir. Vətəndaşlar “Getcontact Premium”un 1 aylıq abunə xidmətini mobil telefonlarından ləğv edə bilmirlər, bu səbəbdən onların kart hesablarından hər ay 5 manat 34 qəpik tutulur. Abunəliyin ləğv edilməsi bir yana, ən təhlükəli məqam budur ki, vətəndaşlar kart hesablarını da “Getcontact Premium”dan silə bilmirlər. Aidiyyəti qurum isə səlahiyyət daşımadığını bildirir. Belə halda “Getcontact Premium” istifadəçiləri nə etməldirilər?
Məsələyə aydınlıq gətirən İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Pravda.az-a açıqlamasında deyib ki, “Android”, “İphone” yaxud kompüter üzərindən hər hansı proqram təminatına abunəlik üçün qoşulduqda proqramın imkanlarının təqdim olunub-olunmadığı mütləq nəzərə alınmalıdır:
“Diqqət etməliyik ki, həmin proqram hansı sahəyə xidmət edirsə, həmin xidmətlərdən tam şəkildə istifadə edə biləcəyikmi? Bu zaman proqramın hazırlanma peşəkarlığının səviyyəsindən asılı olaraq istifadəçi interfeysi – proqramın görünən tərəfi bizə təqdim olunur və tətbiqin menyularından istifadə edib işlərimizi aparırıq. Təbii ki, bəzi proqramlar peşəkar səviyyədə hazırlanıb və bunlar istifadəçi rahatlığı üçün düşünülmüş proqramlardır. İstifadəçi istədiyi zaman bu proqramdan ayrıla, əməkdaşlığını sonlandıra bilir. Lakin bəzi proqramlar istifadəçi üçün rahat hazırlanmayıb – ya arxada proqram təminatını təşkil edən komanda peşəkar deyil, ya da qəsdən istifadəçilərin üzvlüyünün silinməsi rahat olmasın deyə süni şəkildə çətinliklər yaradılır. Bu tip proqramlarda üzvlüyün sonlandırılması menyusu arxa fonda gizlədilir, ya müvəqqəti olaraq həmin xidmət söndürülür, ya da tamamən düzgün aktiv edilmir. Nəticədə vətəndaşlar bu kimi nüanslar yaşayırlar. Mobil proqramlar üzərindən aktiv olmayan funksionallıqları, əldə edə bilmədiyimiz imkanları əsasən veb səhifələrdən əldə edə bilirik. Çünki istənilən proqram birinci təqdim olunanda onun veb səhifəsi daha peşəkar olur, mobil proqram təminatları isə daha qeyri-peşəkar və zəif formada hazırlanır. İlk növbədə nəzərə alaq ki, “Getcontact Premium” tipli proqramlarda üzvlüyü sonlandırmağı veb səhifələrdən etməliyik. Bu zaman mobil telefonda istifadə etdiyimiz şifrələr, telefon nömrəsi, istifadəçi adı mütləq yadımızda olmalıdır. Bunlardan istifadə edərək “Getcontact”ın öz saytına daxil ola bilərik. İstifadəçi adımızı və parolumuzu yazaraq daxili akkaunta, yəni hesabımıza keçib, menyudan abunəliyi söndürə bilərik. Düzdür, bu xidmət qəliz yerdə ola bilər, menyunu qəlizləşdirmiş ola bilərlər. Hansı addımları atmaq lazımdırsa, “Youtube”da bu barədə mütəxəssislər tərəfindən hazırlanmış çoxlu sayda videolar var”.
Mütəxəssis deyib ki, “Getcontact Premium” kimi proqramlarla bağlı dövlət qurumları heç bir məsuliyyət daşımırlar: “Çünki informasiya texnologiyaları sahəsi açıq bazardır. Sərbəst bazar şəraiti yaradılıb. Bu, hər kəs üçün müsbət haldır, istədiyimiz İT mütəxəssisi, proqramçı mütəxəssis proqram hazırlayıb onu açıq şəkildə – onlayn hansısa beynəlxalq saytda, yaxud ölkə daxilində sata bilər. Təbii ki, bunun qanuni olması, dövlətə vergi ödənilməsi nəzərə alınır. Bu kimi hallarda dövlət siyasətinə zidd olacaq məqamlara toxunulmayıbsa, vətəndaşlara heç bir qadağa qoyulmur. Yaxud xarici şirkətlərə, xarici vətəndaşlara öz proqramlarını, məhsullarını Azərbaycanda satmaq kimi qadağa qoyulmayıb. Bunun filtirasiya olunması da texniki olaraq çox çətin prosesdir. Qanuni olaraq dövlət qurumları özlərinin hazırlamadıqları hər hansı rəsmi proqramlara cavabdeh olmurlar”.
F.Əmirov vətəndaşlara çağırış edib: “Vətəndaşlar “Getcontact Premium” tipli proqramlarda qeydiyyatdan keçdikləri zaman mütləq şəkildə bilsinlər ki, yaranacaq hər hansı insidentlərə rəmi olaraq dövlət qurumları heç bir halda cavabdehlik daşımırlar. İstər maliyyə, istər məlumat oğurluğuna istənilən halda şirkət özü cavabdehdir. Tövsiyə edirəm ki, belə proqramlara üzv olmaq kimi imkanları minimuma endirsinlər. Doğrudur, bizə tanımadığımız nömrələrdən gələn zənglərdə nömrənin aid olduğu şəxsin adı “Getcontact Premium” proqramı vasitəsilə görünür, amma bu, gündəlik həyatımızda bizə xüsusi müsbət bir məlumat vermir. Bu tip proqramlar onlarda qeydiyyatdan keçən nömrələri öz daxili bazalarında saxlamaqla yaddaşlarına yığırlar. Məsələn, mən “Getcotact”ı telefonuma yazmışam, qeydiyyatdan keçmişəm, mənim nömrəm artıq “Getcotact”ın yaddaşında qalıb. Mənimlə paralel digər 5 nəfər də “Getcotact”da var. Mənim adımı onlar telefonda necə yazırlarsa, bunu görə bilirəm. Eyni zamanda “Getcotact”da qeydiyyatdan keçmiş başqa birinə zəng edəndə həmin şəxsin telefonunda mənim adım çıxır. Yəni hansısa proqrama öz şəxsi məlumatlarımızı veririksə, bu proqramın həmin məlumatları üçüncü şəxslərə satmaq ehtimalları çox böyükdür. Bu da geniş miqyasda kiber təhdidlərə yol açır. Belə qeyri-peşəkar proqramların kompüterdə şəxsi bazamıza giriş imkanlarının olması da kiber təhdidə qapıdır. Bu proqramdan istifadə edən xarici vətəndaşlar qəsdli, yaxud qəsdsiz şəkildə kiber hücumlar həyata keçirə, məlumatlarımızı oğurlaya bilərlər. Bəlkə də, artıq həmin proqramda qeydiyyatdan keçən vətəndaşların məlumatları yaxşı və ya yaxşı olmayan səbəblərə görə üçüncü şəxslərə satılır. Burada reklam xarakteri də ola bilər, başqa səbəblər də. Bu tip viruslarımız da var. “Getcontact” kimi proqramlar kütləvi, çox sayda insana müraciət etdiyi, bazaları vətəndaş məlumatları ilə dolu olduğu üçün birbaşa kiber təhdiddir. Hər hansı kiber cinayətkar qruplaşma “Getcontact”a hücum edib, onun bazasını ələ keçirsə, bizim bütün məlumatlarımıza, telefon nömrəmizə, şəxsi məlumatlarımıza, hətta həmin proqram üzərindən o proqramı telefonunda saxlayan istifadəçilərin telefonlarına belə birbaşa müdaxilə edə biləcək imkanlar yaranır. Bu da ciddi kiber təhdiddir. Üç-beş il bundan qabaq kiber təhdidlər bugünkü qədər çox vüsət almamışdı. Amma indi bu məsələlər çox önəmlidir. Getdikcə texnologiyanın həyatımıza müdaxiləsi artdıqca bizə aid olan məlumatların təhlükəyə düşməsi riski artır. Bu da təbii ki, kiber cinayətlərin sayını artırır. Bu gün bizim üçün ən dəyərli vasitə məlumatlarımız olduğuna görə kiber cinayətkarlar şəxsi məlumatlarımızı hədəf alırlar. Bu səbəbdən belə tipli proqramları yükləməyi minimuma endirməliyik. Yaxşı olar ki, vətəndaşlar “Getcontact”ı telefondan silsinlər, abunəliyi sonlandırsınlar. Əgər texniki biliklərə malik deyillərsə, mütəxəssisə müraciət etsinlər”.
F.Əmirov sonda tövsiyə edib: “Elektronlaşma çox sürətlə həyatımıza daxil olur. Bütün məlumatlarımız elektron avadanlıqlarda, smartfonlarda, planşetlərdə, kompüterlərdə saxlanılır. Təhlükədən uzaq qalmaq üçün ilkin kiber gigiyena qaydalarını bilməliyik. E-mail üzərindən ola biləcək kiber hücumlar, sosial şəbəkələrdə davranış qaydaları, onların idarə olunması kimi gündəlik həyatda qarşılaşdıqları kiber təhdidlərin ilkin, sadə versiyalarına qarşı sadə vətəndaşların məlumatlı olmalarını tövsiyə edirəm. Bunun üçün istənilən sayda internetdə, “Yotube”da videotəlimatlar var. Yaxud bazarda bu sahədə təlim keçən kifayət qədər mütəxəssislər var. İlkin olaraq baza məlumatlarını öyrənsinlər. Çünki yaxın gələcəkdə bu məsələlər daha da aktuallaşacaq. Kiber cinayətkarlıq sahəsinin yaxşı – müdafiə olunan tərəfi də, pis – hücum tərəfi də güclü inkişaf edib. Buna görə də gündəlik həyatımıza birbaşa müdaxilə edə biləcək vəziyyətlər yaranır. Xüsusən müharibə şəraitində olduğumuz üçün daha çox hədəf halındayıq”.