“Deməli, Zəngəzur yolu mövzusu Ermənistanla Rusiya arasında olan bir məsələdir…”
“Azərbaycanı nəyəsə təhrik edib yenidən müharibə vəziyyətinə salmaq gərəksiz bir şeydir. Və təbii ki, rəsmi Bakı da buna getməyəcək…”
Zəngəzur yolu və ya dəhlizi məsələsi son vaxtlar daha da aktuallaşır. Xüsusən özünü, az qala, Kremlin Güney Qafqaz üzrə canişini kimi aparan Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Naxçıvana gedən yolun “FSB”-nin nəzarətində olacağını vurğuladığı son açıqlamasından sonra Kremlin bu məsələdə təkidli olduğu aydınlaşır. Amma Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın sonunda bəyan etmişdi ki, artıq Zəngəzur yolu Azərbaycan üçün cəlbedici deyil, İranla Naxçıvana həmin ölkə ərazisindən yol çəkilməsi ilə bağlı danışıqlar gedir. Və sonda həmin razılıq əldə olundu və saziş də imzalandı. Bütün bunlara rəğmən bəzi yerli və xarici şərhçilərin iddiasına görə isə Moskva dolayısıyla Azərbaycanı Zəngəzur yolunun açılması üçün Ermənistanla növbəti savaşa təhrik edir. Fəqət, görəsən, hazırkı geo-siyasi durumda belə bir müharibə bizə lazımdırmı?..