“Xaricə təhsil almaq üçün gedənlərin ölkəyə qayıtmaması bir çox səbəblərlə bağlıdır. Çünki cəmiyyətdə hər kəsin özünün baxış bucağı var ki, onlar bunu öz nöqteyi-nəzərinə görə dəyərləndirirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.
Müsahibimiz xaricə təhsil almağa gedən tələbələrimizin sonradan ölkəyə qayıtmamaları faktından söz açıb.
C. Nuriyevin sözlərinə görə, bizdə əməkhaqqı aşağı olduğu üçün xaricə gedən gənclər Azərbaycana gəlmək istəmir:
“Bu, bəyənmək məsələsi deyil. Bunun üçün dövlət proqramı olmalıdır, lakin dövlət xətti ilə oxumağa göndərilənlərin hamısı ancaq məmur uşaqlarıdır. Onsuz da onlar geri qayıdanda iş tapırlar. Ona görə də burada bir növ dövlət proqramı işə salınmalıdır. Bu günə qədər Azərbaycanın başı müharibəyə qarışmışdı, amma mənə elə gəlir ki, artıq bunun vaxtı çatıb. Artıq Elm və Təhsil Nazirliyi bu işi bilən adamları bir araya yığmalıdır və elm sahəsinə ayrılan vəsait məsələsi gündəmə gəlməlidir. Dünən deputat Əziz Ələkbərli də bu məsələni müzakirəyə çıxarıb”.
Müsahibimiz aydınlaşdırıb ki, 400-500 manat maaşla heç bir gənc geri gəlməyəcək:
“Ona görə ki, bu şəxslər orada oxuyur, əziyyət çəkir və əksəriyyətinin Azərbaycanda “adamı” yoxdur. Azərbaycanda isə ancaq müəyyən “tayfa”lara məxsus olanlara iş verirlər. Yəni xaricdə oxuyub gələnlərin bir hissəsi indiyə kimi oyundankənar vəziyyətdə qalıb. Buna görə indikilər də onlara baxıb Azərbaycana qayıtmaq istəmir. Çünki onlar xaricdə Azərbaycanda alacağı əməkhaqqından minimum 20-30 dəfə çox maaş alırlar. Deməli, onların Azərbaycana gəlmə ehtimalı çox aşağı düşür”.
“Məsələn, Türkiyə xaricdə oxutduğu mütəxəssisləri geri qaytarmaqla hazırda silah sahəsində bütün innovasiyaları həyata keçirdi. Bu sistem Almaniya, Yaponiya, Sinqapur, Cənubi Koreya və digər ölkələrdə də sınaqdan keçirilib. Bu gün nümunələr çoxdur və buna görə də Azərbaycanda elmə ayrılan vəsait mütləq artırılmalı, buraya peşəkarlar dəvət olunmalıdır”, – əlavə edib.
Siyasətçi iddia edib ki, Azərbaycanda hər hansı bir məsələ haqqında fikir deyən kimi tez-bazar yuxarıya donos edirlər ki, “amanın günüdür, qoymayın, bunu deyən müxalifətçidir”:
“Vallah, mən 17 ildir ki, YAP üzvüyəm. Bu şəkildə hansısa çatışmazlığı deyirsənsə, gəlib səni işdən çıxarırlar. Nazirlərimiz bu işlə məşğuldur. Bu adamların işi-gücü odur ki, barələrində mənfi fikir söylənməsin. Söhbət mənfi fikirdən də getmir. Azərbaycan Prezidenti bu adamlara etibar edib, təkbaşına Qarabağ problemini həll etdi. Bəs, yaxşı, etibar olunan adamların neçəsini tutmaqla bu işi yönəltmək olar? İnzibati metod özünü doğrultmur”.
Keçmiş deputata görə, gənclərimizin Azərbaycana gəlməməsində bir çox nazirlər günahkardır:
“Çünki onlar ya öz yerlilərini, ya da qohumlarını işə götürürlər, hətta heç nədən başı çıxmayan yaxınlarına gedib haradansa saxta diplom alıb ikinci təhsil adı ilə leqallaşdırırlar. Şeytanın özü Azərbaycandakı bəzi məmurların əməllərinə məəttəl qalır. Çünki şeytan bunu fikirləşib tapa bilməz, amma bizimkilər tapırlar. Biz bu gün kimə kimdən şikayət edirik?! O gənclərin Azərbaycana gəlməməsinin səbəbkarı biz özümüzük”.
Həmsöhbətimiz onu vurğulayıb ki, hazırda təhsil sistemimizdə kifayət qədər həll olunmamış problemlərimiz var:
“Təhsil eksperiment olmamalıdır. Spesifik sahələr var – təhsil, səhiyyə, kənd təsərrüfatı və digərlərində eksperiment keçirmək olmaz. Ancaq buraya peşəkarlar dəvət olunmalıdır. İnam və rəqabət olmayan yerdə inkişaf yoxdur. Bizim fikrimiz yoxdur ki, kimisə şəxsi müstəvidə tənqid edək. Bunlar cənab Prezidentin verdiyi tapşırıqları yerinə yetirməyən şəxslərə yönələn tənqidlərdir. Yoxsa ki, bizim onlarla hansı şəxsi qərəzimiz olsun? Amma Prezident Administrasiyasına gedib deyirlər ki, filankəs müxalifətdir, bəhmənkəslə birləşib və s. Vallah, heç kimlə birləşməmişik, sadəcə, təcrübəmiz bizə bunu deyir ki, hansı sahədə nə kimi çatışmazlıqlar var”.
“Müsahibə vermək istəməyəndə jurnalistlər küsür. Müsahibədən sonra da üstünə düşürlər ki, sən filan sözü dedin. Belə şey olmaz! Adamı işindən çıxarırlar. Bu, sadə bir məsələ deyil, əksinə, çox təhlükəli bir məsələdir. Düşünün, Azərbaycanda hansısa bir şəxs nazirin çatışmazlıqlarını deyib deyə onu işdən çıxardırlar. Ona görə də xaricə gedənlərin gəlməsi mümkünsüzdür. Azərbaycan dövləti bu barədə ölçü götürməlidir. Bunun artıq vaxtı çatıb”, – fikirlərini yekunlaşdırıb.