• 24 Aprel 2024 13:12

Paşinyanın bu qərarı Putini dəli edəcək

Paşinyanın bu qərarı Putini dəli edəcək

Noyabrın 23-də Ermənistanın KTMT-nin Minskdə keçirilməsi planlaşdırılan növbəti iclasında iştirakdan imtina etməsi İrəvan və Moskva arasındakı gərginliyi bir qədər də artırıb. 

Tərəflər arasında əsən soyuq küləklər fonunda bu gün erməni mətbuatı məlum mövzu ilə bağlı yeni bir iddia ilə çıxış edib. Erməni nəşrlərinin məlumatına görə, rəsmi İrəvan Rusiyanın orbitindən çıxmaqda qərarlıdır və bununla bağlı ilkin olaraq Ermənistanın KTMT-dən çıxarılması qarşıya şərt kimi qoyulub.

Kremldən İrəvana yönəlmiş hədələyici mesajların getdikcə şiddətlənməsinə baxmayaraq, hakim “Vətəndaş müqaviləsi” Partiyasının siyasi kursu artıq Ermənistanla Rusiya arasında iplərin qırıldığını sübut edir. Paşinyan iqtidarı isə öz növbəsində, İkinci Qarabağ savaşından sonra bu gün Rusiya ilə münasibətlərdə kartlarını açıq oynamağa üstünlük verir. Hakimiyyət açıq mətnlə Rusiyanın bölgədəki nüfuzunun azaldığını dilə gətirərək Qarabağ məsələsinin özlərinin əleyhinə həll olunmasında Moskvaya eyhamlar vurmaqdan da çəkinmir.

Lakin bir çox analitiklər Ermənistanın anti-Rusiya mövqeyini indidən bu ölkənin intiharı kimi adlandırıb. Rusiyaya bağlılığı ilə seçilən Ermənistan müxalifəti, “Qarabağ klanı” və ordudakı yüksək çinli zabit və generalitet heyətinin bacardıqca əl-qolunu bağlayan hakimiyyət sanki inqilabçı ruhla ölkədə yeni islahatlar apardığını göstərir və Moskvaya qarşı açıq mətnlə nifrət nitqi qusur.

Əslində, Rusiya mediası və telekanalları da Ermənistan və şəxsən Baş nazir Nikol Paşinyan barəsində tənqid və təhqir dolu materiallar hazırlamaqdan çəkinmirlər. Hətta Rusiya Dövlət Dumasının bir çox deputatları, o cümlədən Kremlin strateqləri Ermənistan haqqında hədələyici fikirlər səsləndirir və İrəvana atdığı addımlardan geri çəkilməsi barəsində xəbərdarlıqlar edir.

Məsələn, bu yaxınlarda rus şovinizminin əsas təbliğatçılarından biri, politoloq Aleksandr Duqin bu haqda çıxış edərkən qeyd etmişdi ki, Rusiyanın nəzarətindən ayrılan ölkələr ərazilərinin bir hissəsini itirməyə hazır olmalıdır. Onun fikrincə, bu, həmin ölkələrə öz yerini göstərən əsas mesajdır və bu dövlətlər anlamalıdırlar ki, Rusiya bu tip münasibətlərdə əsla kimisə əfv etmir.

Elə məhz bir sıra erməni və xarici siyasi analitiklər bugünkü Rusiya-Ermənistan münasibətlərindən danışarkən bu faktın göz ardı edilməməsini xüsusi vurğulayırlar. Rusiyanın böyük imperiya ambisiyalarını nəzərə alsaq, bu gün Ermənistanla arasında mövcud olan gərginlik Moskvanın cəza mexanizmini işə salmasına yönələ bilər. Ermənistanın Rusiyadan qopma siyasətinin ağrılı keçəcəyi istisna edilmir. Paşinyan iqtidarı, hətta bu yolda müəyyən ərazi itkilərinə, bəlkə də hakimiyyət çevrilişinə məruz qala bilər. Doğrudur, hazırkı müxalifətin xalqın arasındakı reytinqi sıfıra bərabər olsa da, onlar iqtidarın dayaqlarını hər an sarsıda və ölkədə hakimiyyət çevrilişi edə bilərlər. Bundan sonra Ermənistanın “ikinci Ukrayna” olması ehtimalı isə dərinləşə bilər.

Çünki Kreml hazırda Ukraynada istədiyinə demək olar ki, nail olmaqdadır. Ukrayna hakimiyyətinin hərbi-siyasi üzvlərinin müharibənin dalana dirənməsi ilə bağlı etirafları isə onu deməyə əsas verir ki, Rusiya növbəti ildə Ukrayna kampaniyasını öz xeyrinə həll edərək yerdə qalan işlərini də yekunlaşdıra bilər. İrəvan üçün ən qorxulu ssenarinin başlanğıcı isə budur. Çünki Rusiyanın Ukrayna müharibəsində əldə edəcəyi qələbə yekunda Kremlin Şərqi Avropadakı gücünü artıra və “arxa bağçası” saydığı Cənubi Qafqazda Ermənistana tərs şillə vuraraq yerini göstərə bilər.

Tacxeber.com

Oxşar xəbərlər