• 24 Noyabr 2024 01:45

7 saatlıq ürək əməliyyatı və ya 10 il əvvəl bitməli olan karyera…

Məlum olduğu kimi, ötən ay karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov bu gün sonuncu dəfə yaşıl meydana çıxacaq.

Futbolçunun qardaşı Sərxan İbrahimoğlunun sosial media hesabında yazdığı təsirli status “Ruslan Abışov karyerasını niyə bitirdi?” sualına aydınlıq gətirib.

Məlum olub ki, futbolçu 10 il qabaq ürəyindən 7 saatlıq əməliyyat keçirib: “Onsuz da doğma klubu “Neftçi”dən əzəli rəqibi “Xəzər-Lənkəran”a keçəndən ürəyi çox sıxılırdı. Allah tərəfi, “Rubin”dən gələn növbəti təklif tam ürəyindən olmuşdu.

O tibbi müayinədən keçməli və “Rubin”lə 5 illik müqavilə nəzərdə bağlamalı idi. Antalyanın adlı-sanlı klinikalarının birində keçirilən müayinə nədənsə bitmək bilmirdi. Klub həkimlərinin klinika mütəxəssisləri ilə uzun sürən diskussiyası heç də xoş əlamət deyildi. Nəhayət, xəstəxananın baş həkimi məni otağına dəvət edib olduqca məyus halda, eynilə bu ifadəni işlətdi: “Ruslanın ürəyində ciddi problem var, qardaşınızın bu vəziyyətdə futbol oynamağı mümkün deyil” və mən… (şərhsiz)”.

S.İbrahimoğlunun sözlərinə görə, müayinənin nəticələri dərhal Almaniyaya göndərilib və oradan gələn cavab ailəni sarsıdıb: “Bəli, Ruslan ürəyindən əməliyyat olunmalı idi. Karyerasını davam etdirmək üçün bu, qaçılmaz idi. Sonrakı aqibəti isə həkimin qərarından asılı idi.

7 saat davam edən əməliyyatın ardından hər şeyin qaydasında olduğunu bildirdilər. 5 gün sonra almaniyalı həkimdən böyük həyəcanla gözlədiyimiz rəyi, yarım aya yaxın, gülməyən üzümüzü az da olsa, güldürdü. Bundan sonra oynamağında cüzi də olsa, risk qalırdı. Lakin həkim “Bundesliqa”da oynayan bəzi futbolçuların da məhz bu problemlə üzləşdiyini və əməliyyat olunduqdan sonra oynaqdıqlarını da deyərək son qərarı Ruslanın özünə saxlamışdı.

O, artıq Bakıya qayıtmış, bir müddətdən sonra yerli klubların birində karyerasını davam etdirmək barəsində fikirləşirdi. Bu anda “Rubin”in baş məşqçisi Qurban Berdiyevdən gələn gözlənilməz zəng, həqiqətən, təsirli olmuşdu. Ruslanın psixologiyasının hansı vəziyyətdə olduğunu başa düşən Berdiyev ona toparlanmaq üçün vaxt verəcəyini və daha da güclü qayıdacağına inandığı üçün ona kömək edəcəyini bildirmişdi. 2 gün sonra isə Ruslan artıq “Rubin”lə İspaniyanın Marbella şəhərindəki düşərgəsində idi.

Məlum əməliyyatdan sonra Ruslanın oyunlarını bacardıqca stadiondan canlı izləməyə çalışırdım. Adi epizodlarda yerdə yarım saniyə hərəkətsiz qalanda belə dərhal ağlıma hər cür fikir gəlirdi…

Allaha çox şükür, qardaşım artıq bu gün, karyerasında sonuncu oyununa çıxacaq. Ona ən çox yaraşan ağ-qara forması ilə “Zenit”ə qarşı matçdan sonra futbolla vidalaşacaq. Doğma klubu “Neftçi” ailəsinə Abışovun ürəyindəki arzusunu reallaşdırdığı üçün təşəkkür edirəm!

Hə, bir də, evimizdə 5 yaşlı daha bir Ruslan Abışov var. Qismət olsa, yenə görüşərik”.

Tacxeber.com

Oxşar xəbərlər