• 24 Noyabr 2024 19:36

Azərbaycan millisi üçün tarixi Avro-2024 şansı

Azərbaycan milli komandası Millətlər Liqasının pley-off mərhələsində iştirak edə bilər.

Tacxeber xəbər verir ki, bu, Qazaxıstan millisinin Avro-2024-ün son turundakı qələbəsi sayəsində mümkün ola bilər. Qazaxlar hazırda öz qrupunda 9 oyundan 18 xalla 3-cü yeri tuturlar. Seçmə mərhələnin son matçında onlar səfərdə qrup ikincisi Sloveniya ilə (9 oyun, 19 xal) qarşılaşacaqlar. Qazaxıstan qalib gələcəyi halda Avro-2024-ün final mərhələsinə birbaşa vəsiqəni təmin edəcək.

 

Düzdür, bu çətin olacaq. Amma qazaxların seçmə mərhələdə uğurlu çıxışını yada salsaq, onların növbəti parlaq uğura imza atacağını da gözləmək olar. Belə olan halda Azərbaycan millisinin Avro-2024-ə düşmək üçün tarixi şansı yaranacaq.

Məsələ burasındadır ki, son Millətlər Liqası yarışının C liqasında Qazaxıstan, Türkiyə, Yunanıstan və Gürcüstan qrup lideri olublar və yarışın pley-off mərhələsində iştirak hüququ qazanıblar. Türkiyə millisi artıq seçmə mərhələ yolu ilə Avro-2024-ə vəsiqə qazanıb. İndi Qazaxıstanın da belə bir şansı yaranıb. Beləliklə, Qazaxıstan seçmə mərhələdən Avro-2024-ə düşsə, bu halda onların və Türkiyənin Millətlər Liqasında vəsiqələri C liqasında ən yaxşı nəticəyə malik 2 qrup ikincisi olan komandaya qismət olacaq. Artıq bu vəsiqələrdən biri liqanın ən yaxşı qrup ikincisi Lüksemburqa qismət olub. Azərbaycan isə ikinci ən yaxşı göstəriciyə malik olduğundan Qazaxıstanın Sloveniya üzərində qələbəsini gözləməlidir. Həmin matç noyabrın 20-də keçirilməlidir.

Qazaxıstanın qələbəsi halında gələn ilin mart ayında Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan, Yunanıstan (onların Avro-2024-ə seçmə mərhələ yolu ilə düşmək üçün cüzi şansı var), Lüksemburq və Azərbaycan oynayacaq. Milli komandamız səfərdə Gürcüstanla, Lüksemburq isə rəqib meydanında Yunanıstanla qarşılaşacaq. Buna səbəb həmin ölkələrin Millətlər Liqasındakı reytinqinin rəqiblərindən üstün olmasıdır. Yarımfinal bir matçdan ibarət olacaq. Millətlər Liqasının final oyununun məkanı isə noyabrın 23-də atılacaq püşk zamanı bəlli olacaq. Əgər Azərbaycan Gürcüstana qalib gəlsə, Bakının həmin finalı qəbul etmək şansı yaranacaq.

Amma bir daha qeyd edək ki, bunlar yalnız Qazaxıstanın Sloveniya üzərində qələbəsi sayəsində mümkün olacaq. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər