Son günlər kolbasa və sosislərdən zəhərlənmə hallarının artması, bu növ məhsulların istehsalı və hazırlanması haqqında gəzən söz-söhbət heç də birmənalı qarşılanmır. Müxtəlif şirkətlərin istehsal etdiyi kolbasa və sosislər müştərilərə fərqli qiymətlərə təklif olunur. Ancaq istər baha, istərsə də ucuz qiymətə satılan bu məhsulların keyfiyyəti ilə bağlı məsələlər insanlarda şübhələr yaradır. Çünki ucuz və ya baha qiymətə alınmasından asılı olmayaraq bu məhsulları yeyən insanlarda zəhərlənmə hallarına tez-tez rast gəlinir. Bəs görəsən, kolbasa və sosis məhsullarından zəhərlənmə hansı hallarda baş verə bilər? Ümumiyyətlə, istehlakçılar bu məhsullardan istifadə edərkən nələrə diqqət yetirməlidirlər? Və ya zəhərlənməyə səbəb olan kolbasa və sosislərin keyfiyyətli olub-olmamasını müştəri necə ayırd edə bilər?
Mövzunu Konkret.az-a şərh edən qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, bu gün kolbasa və sosislərdən zəhərlənmə hallarının artması gələcəkdə bu məhsullardan kütləvi xəstəliklərin yarana biləcəyinə siqnalıdır: “Bu gün əsas məsələ kolbasa və sosislərin hazırlandığı xammalın hansı keyfiyyətdə olması və buna nəzarətin necə həyata keçirilməsi ilə bağlıdır. Dəfələrlə qeyd etmişəm ki, axırıncı sort ətin 1 kiloqramı 9-10 manata satıldığı halda, küçələrdə, metro və bazarların qarşısında 5-6 manata təklif olunan kolbasa və sosislərin nə ətindən hazırlandığına diqqət yetirmək lazımdır. Məsələ bununla da bitmir. Əsas diqqəti kolbasa və sosislərin daşınmasına yönəltmək istərdim ki, burda da nəzarətsizlik baş alıb gedir. Bu məhsullar satış müəssisələrinin anbarlarına təhvil verilənə qədər soyuducusuz maşınların yük yerlərində daşınmaqla soyuq qida zəncirini qırır. Belə olan halda isə onsuz da xəstəlik mənbəyi olan sözügedən məhsullar insanların bəlasına çevrilir. Ölkədə müxtəlif kolbasa və sosis istehsalçısı olan müəssisələr cərimələnsə də, ət əvəzinə leş satan işbazlar saxlanılsa da, heç bir nəticə hasil olmur. Ortada ən böyük ziyanı isə istehlakçılar görür”.
Ekspert İlkin Şirinov kolbasa və sosislərin tərkibinə vurulan Çin duzu adlı insan sağlamlığı üçün son dərəcə zərərli olan glutamat duzundan da danışıb: “İnsan orqanizmində müxtəlif xəstəliklər yaradan bu kimyəvi duzun törədəciyi fəsadlar qaçılmazdır. Məqsədli şəkildə kolbasa və sosislərə, souslara, çipsilərə və bu kimi məhsulların tərkibinə qatılan bu duz haqqında nədənsə heç kim danışmaq istəmir. Məhsullara qızardılmış ətin dadını verən bu duz insanlarda doyumsuzluq yaradır. Əlavə dadlandırıcı kimi qatılan glutamat həzm prosesinə, qida alergiyasına, piylənməyə və sinir sisteminə birbaşa təsir edir. İşbazların insan sağlamlığına qarşı etdikləri bu əməllərlə ən yaxşı mübarizə üsulu onların istehsal etdiyi məhsulları almamaqdır”.