• 23 Noyabr 2024 14:34

“Yerli məşqçinin millidə işləməsinə imkan verməliyik” – Vaqif Sadıqov

“De Byazinin iclası tez tərk etməsi normaldır. Hələ hesabatdan əvvəl bildirdi ki, əməkdaşlığı davam etdirmək istəmirəm. Bir az planından, öz işindən danışdı. Bunlar bəs elədi ki, onun istefasını qəbul edək”.

Bu sözləri QOL.az-a açıqlamasında AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib.

Azərbaycan milllisinin baş məşqçisi Canni de Byazi ilə müqavilənin artırılmamasından danışan Məşqçilər Komitəsinin sədri V.Sadıqov qeyd edib ki, italiyalı mütəxəssisin göndərilməsinin tərəfdarı olub: “Bugünkü iclasda ümumi müzakirələr oldu. Qərara gəldik ki, İşçi Qrupu yaradılsın, ən yaxın müddətdə bir neçə namizəd üzərində müzakirə aparıb İcraiyyə Komitəsinə təqdim edilsin. Strateji addım atırıqsa, İşçi Qrupunun məsləhətləri nəzərə alınmalıdır. Öz adımdan deyə bilərəm ki, De Byazinin müqaviləsi artırılmamalı idi. Məncə, bunu hiss etdiyi üçün də De Byazi özü getmək istədiyini dedi.

İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti onun müqaviləsinin uzadılmamasını istəyirdi. O da bunu hiss edirdi və buna görə bizi qabaqlayaraq fikrini bildirdi. Məşqçi üçün çox önəmlidir ki, futbolçular, azarkeşlər, mətbuat, futbol ictimaiyyəti onu dəstəkləsin. De Byazi bunu başa düşməli idi. O, burada sevimli baş məşqçi ola bilmədi. Buna görə də getməyə qərar verdi. Onun üçün burada davam etmək çox çətin olacaqdı”.

V.Sadıqov De Byazidən gözlənilən nəticəni görmədiyini bildirib: “İşə başlayanda onun haqqında fərqli fikirdə idik. Ancaq sonra başqa bir mənzərə – onun fərqli davranışı ilə qarşılaşdıq. AFFA-nın prezidenti Rövnəq Abdullayev də bildirmişdi ki, xaricdən məşqçi gətirəndə millidən ildən-ilə yaxşı nəticə gözləyir. Ancaq təəssüf ki, biz De Byazidə bunu görmədik. İcraiyyə Komitəsinin iclasında da bildirildi ki, millinin nəticələri qənaətbəxş hesab olunmur. İstefası da buna görə qəbul olundu. Bundan sonra nəyisə ətraflı deməyə ehtiyac yoxdur”.

Azərbaycan millisinin sabiq çalışdırıcısı qeyd edib ki, yığmaya yerli mütəxəssis gətirilməli və ona işləmək üçün imkan yaradılmalıdır: “Mən yerli mütəxəssisin tərəfdarıyam. Biz bunun üçün gecikmişik. Yerli mütəxəssisə imkan verməyik ki, çalışsın. Vaxtımız var, İcraiyyə Komitəsinin növbəti iclasında millinin baş məşqçisi vəzifəsi üçün bir neçə namizədi irəli sürə bilərik. Mənim bir neçə namizədim var. Adlar açıqlamaq istəmirəm. Bir neçə yerli mütəxəssis var ki, onlar millini çalışdırmağa qadirdir. Bizim dünya futbolu ilə ayaqlaşan məşqçilərimiz var. Mən bunu görürəm. Hesab edirəm ki, bunlar ətrafında müzakirələr aparıb seçimimizi edə bilərik”.

Tacxeber.com

Oxşar xəbərlər