• 22 Noyabr 2024 18:17

Aviasiya tarixinin ən əcaib, əgər insan itkiləri olmasaydı, ən gülməli deyə biləcəyimiz təyyarə qaçırılması – VİDEO

27 il əvvəl aviasiya tarixinin ən əcaib, əgər insan itkiləri olmasaydı, ən gülməli deyə biləcəyimiz təyyarə qaçırmaq cəhdi baş verdi.

Efiopiyanın “Ethiopian Airlines” şirkətinə məxsus “Boinq-767” təyyarəsi 1996-cı il noyabrın 23-də Əddis-Əbəbə – Nayrobi – Brazzavil – Laqos – Abican reysi ilə uçurdu. Havaya qalxandan 20 dəqiqə sonra üç efiopiyalı gənc ayağa qalxaraq pilot kabinəsinə keçdilər, təyyarənin Avstraliyaya uçmasını tələb edərək əks halda partladacaqlarını söylədilər.

Bu, təyyarənin kapitanı Leyl Abatenin son dörd ildə başına gələn üçüncü qaçırılma olayı idi. Əvvəlki iki halda terrorçuların tələbini yerinə yetirmiş və insidentlər qurbansız ötüşmüşdü. İndi o, terrorçulara izah etməyə çalışır ki, Avstraliyaya qədər uçmaq üçün yanacağı yoxdur, onlar Hind okeanına düşəcəklər.

Terrorçuların rəhbəri isə israr edir ki, “Boinq-767”-nin texniki göstəricilərində 11 saat uça biləcəyi göstərilib. Kapitan anlatmağa çalışır ki, 11 saat uçmaq üçün təyyarə yanacaqla tam doldurulmalıdır, indi isə sadəcə Əddis-Əbəbədən Nayrobiyə uçmağa yetəcək qədər yanacaq doldurulub, təyyarənin panelində yanacaq göstəricisinə işarə edir. Amma xeyri olmur, terrorçular Avstraliyaya uçmağı tələb edirlər.

Belə olduqda pilot Hind okeanının dərinliklərində qərq olmamaq üçün təyyarəni Afrika sahilləri ətrafında dolandırmağa başlayır. Sərnişinlərə xilasedci jiletlər geymək tapşırılır. Stüardlar sərnişinlərin çoxunun xilasedici jiletləri artıq hava ilə doldurduqlarını görüb onlara izah etməyə çalışırlar ki, bunu yalnız suya düşəndən sonra etmək lazımdır.

Yanacağı qurtaran təyyarə Komor adaları yaxınlığında suya düşür. Həmin an çimərlikdə istirahət edənlər tərəfindən lentə alınır. Terrorçuların müdaxiləsi üzündən təyyarəni normal şəkildə endirmək olmur, sol qanad suya dəyərək parçalanır və təyyarə suya batır.

Hadisə nəticəsində təyyarədə olan 175 nəfərdən 125-i, o cümlədən 3 terrorçu həlak olur. Sərnişinlərin bir çoxu jiletlərini əvvəlcədən hava ilə doldurduqlarına görə təyyarənin tavanına sıxılaraq çölə çıxa bilmirlər. Hadisənin sahilə yaxın yerdə baş verməsi üzündən 50 nəfər, o cümlədən təyyarənin kapitanı, ikinci pilot, aviamexanik və 9 stüarddan üçü sağ qalır.

https://t.me/yadigarsadigli/2745

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər