• 24 Noyabr 2024 00:23

Bu evlər işıqsız, qazsız, susuz qalacaq

Kommunal şəbəkələrə qoşulmaqla bağlı yeni qaydalar əvvəl tikilmiş qanunsuz evlərə şamil edilməyəcək.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, hansı qanunsuz evlər indiyə qədər kommunal şəbəkələrə qoşulub, onlar istifadə edə biləcəklər.

“Kimsə onları şəbəkədən ayırmayacaq. Lakin əsas problem oktyabrın 1-ə qədər kommunal şəbəkələrə qoşulmayan evlərlə bağlı olacaq. Elə evlər var ki, oktyabrın 1-ə qədər texniki şərt alıb, amma komunal şəbəkələrə qoşulmaq üçün müraciət etməyib. Ən böyük problem burada yaranır. Çünki qoşulmaq üçün indi müraciət etdiyi təqdirdə onlara bildiriləcək ki, texniki şərt artıq qaydalara uyğun deyil”, – deyə o, əlavə edib.

Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.

Eyni zamanda, “Elektroenergetika haqqında” cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.

Tacxeber.com

Oxşar xəbərlər