“Kubra Məhərrəmovanın həmin efirini izləməmişəm. Ümumiyyətlə, televizora, demək olar ki, baxmıram. Ancaq bu insidentlə bağlı sosial şəbəkələrdən məlumat aldım. Düşünürəm ki, gərək aparıcı başqa ifadə seçəydi”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Bizim yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həzi ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırmasını şərh edərkən sosial şəbəkədə bildirib.
Baş redaktor eyni zamanda “Çingiz Abdullayev kimi imkanları, əlaqələri olan bir şəxsin bu sözün üstünə bu qədər aqressiv şəkildə getməməli” olduğunu da vurğulayıb:
“Ona qalsa, Yazıçılar Birliyinin o qalmaqallı qurultayında jurnalisti təhqir etdiyinə görə Çingiz Abdullayev gərək həbsdə olaydı. Mən aparıcıya haqq qazandırmıram, ancaq əli yuxarıların ətəyində olan, böyük resurslara sahib birinin də bir kəlmənin ucundan tutub ucuzluğa getməsini doğru saymıram”.
B.Həzi cəmiyyəti Ç. Abdullayevi boykot etməyə çağırıb:
“Eyni zamanda hesab edirəm ki, bizim cəmiyyət Çingizi unutsa, yaxşı olar. Kitablarını oxumayın, məsələ bitsin. Ondan niyə nəsə umursan ki, niyə də küsəsən?!.
Mən fəal oxucuyam; mütaliəni sevirəm. Bu yaşa qədər minlərlə kitab oxudum. Ancaq Çingiz Abdullayevi oxumadım; o şəxsin yaradıcılığından cəmi 25-30 səhifə oxumaq bəs elədi, bilim ki, bu, mənim yazıçım deyil. Öz dilinin yazıçısı deyilsə, öz dilində yazmağı da qalsın bir yana, öz ana dilini öyrənməyibsə, ondan nə gözləyəsiyəm ki?! Çingiz Abdullayev Ədəbiyyat adına biznes hadisəsidir. Onu Ədəbiyyat kontekstində deyil, hə, iqtisadi-ticarət, pul-əmtəə prizmasından müzakirə etmək olar. Onun kitabları “zir-zibil” deyil. Kitab kitabdır, heç vaxt zibil ola bilməz. Mən bəyənməsəm də, bəyənən, sevən, oxuyan var. Mən sevmədiyim kitabı da oxuya bilərəm. Elə əsər var, müəllifini sevməsəm də, məni çəkir, oxuyuram. Hətta əsər zəif də olsa, uduzmuram; ən azı müqayisə etmək imkanım yaranır. Ancaq Çingiz Abdullayevi oxuya bilmədim. Odur ki, yazıçı kimi yaxşı və ya pis olduğunu deyə bilmərəm. Sadəcə, mənim uzaqdan da olsa, müşahidə edib gəldiyim qənaət əsasında yaxşı və ya pis adam olduğunu deyərdim (ki, bu da, təbii ki, subyektiv fikir olacaq). Sevmədiyimiz insanları da aşağılamaq doğru deyil, məncə. Eyni zamanda hesab edirəm ki, Çingiz Abdullayev boyda adamlar özünün ictimai, ya iqtisadi çəkisindən istifadə edib cavan bir aparıcı xanımı əzməyə çalışmamalıdır. Qüvvələrdəki qeyri-bərabərlik çox gözə çarpır. Çingiz Abdullayevin yerinə olsaydım, həmin aparıcıya zəng edər, iradımı bildirər, bağışlayar və uğurlar arzilayar, sonra da bu insidenti unudardım”.