Təkcə son aylarda ölkəmizdə yüzlərlə qadın ailədaxili münaqişələrin qurbanı olub, onlarla qadın döyülüb, yaralanıb, xəsarət alıb.
Bəs görəsən, “Cənnət anaların ayağı altındadır” deyən kişiləri zorakılığa nə vadar edir? Bu aqressiya hardan qaynaqlanır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, bu aqressiyanın bir çox səbəbi var. Onlardan biri də sosial şəbəkələrdə qurulan lazımsız münasibətlərdir:
“İnkişaf edən dünyada qadına qarşı zorakılıq təəssüf doğurur. Aqressiyanı və zorakılığı yaradan bir neçə səbəb var. Qədimdən gəlmə şərq təfəkkürü, sosial şəbəkələr və ictimai, lazımsız qınaq. Qədimdən gəlmə Şərq təfəkkürü diqtə edir ki, qadın düşünə bilməz, ağlı çox deyil, ancaq kişi deyən olmalıdır, kişinin himayəsində yaşamaq olar, səhv etsə, öldürülməlidir. Çox ailələrdə bu təfəkkür inkişaf etsə də, çox qismdə hələ də bu düşüncə qalmaqdadır.
Sosial şəbəkələr isə qadının və kişinin beynini lazımsız məlumatlarla doldurur, müxtəlif tipli lazımsız əlaqələr qurmaq asanlaşıb. Bu əlaqələri evdən sıxılmış, filmlərdə, seriallarda gördüyü xoşbəxtliyi görməyən, düşüncə tərzi zəif olan qadınlar asanlıqla qurur. Bunun bariz nümunəsini hər gün telekanallarda uşaqlarını əri ilə qoyub qaçan qadınların timsalında görmək olar.
Belə münasibətlərin sonu çox zaman cinayətlə bitir. Əri, qardaşı, atası qadını öldürür…”
Ekspertin sözlərinə görə, bu cür döyülmə və qətl hadisələrinə bəzən qohumların, qonşuların qadınlar haqda dediyi fikirlər də səbəb olur:
“Çox zaman qohum-qonşuda, məhəllələrdə qeybət edən kişi və qadınları görürük. Öz ailələrindən xəbəri yoxdur, amma qonşu qadının, qızın əxlaqı haqqında danışırlar. Belə vicdansızlar anlamır ki, danışdığı yayılacaq və hansısa qadının məhvi ilə nəticələnəcək. Əgər qohum-qonşusu həmin şəxsə can yandırırsa, səhvini başa salıb, əgər pis nə isə hiss edirsə, o yoldan çəkindirməlidir. Əks halda, qeybətlə kiminsə həyatına yönələcək lazımsız söhbətlər etməməlidir. Hər bir insan bilməlidir ki, həyat bumeranqdır. Bu gün başqasının səhvinə yönəlib sevinirsən, lakin sabah həmin şeyi öz ailəndə görə bilərsən. Ola bilər uşaqların yaxşıdır, bəs nəvələrin necə olacaq? İnsan həyatda başqalarına zərər verən heç bir hərəkət və söhbət etməməlidir. Bacara bilirsə, kömək etməlidir, bacarmırsa, susmalıdır”.