EFJ “Abzas Media” rəhbərliyini azad etməyə çağıran IFJ-ə qoşulub
“Hakimiyyətdən gələn mesaj aydındır: Azərbaycanda hakimiyyətdə olanlarla bağlı korrupsiya işlərinin işıqlandırılmasını dayandırın”
Avropa Jurnalistlər Federasiyası (EFJ) Azərbaycan hakimiyyətini “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və direktor köməkçisi Məhəmməd Kekalovu azad etməyə çağıran Beynəlxalq Jurnalistlər Federasiyasına (IFJ) qoşulur.
EFJ hesab edir ki, həm jurnalistlər, həm də Kekalov Azərbaycanda hakimiyyət sıralarında korrupsiya ilə bağlı araşdırmaları davam etdirmələrinə mane olmaq məqsədilə polis manipulyasiyasının qurbanı olublar.
2023-cü il noyabrın 21-də və noyabrın 23-də Bakının Xətai Rayon Məhkəməsi Həsənli, Vaqifqızı və Kekalovun 4 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Jurnalistlər və direktor köməkçisi “qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə” ittihamında təqsirli bilinərlərsə, onları səkkiz ilə qədər həbs cəzası gözləyir.
20 noyabr 2023-cü ildə Ülvi Həsənli polis tərəfindən saxlanılıb, mənzilində və redaksiyada axtarış aparılıb. O özü Bakı hava limanına gedərkən polis tərəfindən saxlanılıb və “valyuta qaçaqmalçılığı”nda ittiham olunub. Vəkilinin sözlərinə görə, Həsənli özünü təqsirli bilmir və ittihamları əsassız adlandırır.
Polisin bildirdiyinə görə, media qurumunun redaksiyasında 5 saatlıq axtarış nəticəsində 40 min avro nağd pul “tapılıb”. “Abzas Media”nın rəhbərliyi hesab edirlər ki, bu pullar medianın fəaliyyətinin dayandırılması və Ülvi Həsənliyə qarşı ittiham irəli sürülməsi üçün qanuni əsaslar əldə etmək məqsədilə istifadə olunub. Ülvi Həsənli axtarışa gətirilib və jurnalistlərə bildirib ki, polis idarəsində ona verilən suallar “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olub. O, dindirmə zamanı yumruq və təpiklərə məruz qaldığını da deyib.
“Abzas Media” Facebook-da bu barədə məlumat yayıb: “O, jurnalistlərə açıqlamasında deyib ki, həbs olunarkən gözünə yumruq zərbəsi endirilib. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılıb, orada qeyri-insani rəftar və işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, ona yumruq və təpiklə vurublar”.