Braziliyalı Neymar və argentinalı Lionel Messi komandanı tərk edəndə PSJ-nin futbolçuları sevinib.
Qaynarinfo xəbər verir ki, bu barədə “PSG Community” məlumat yayıb.
Məlumata görə, Paris klubunun əksər futbolçuları argentinalı və braziliyalı ilə oynamaqdan narahat imiş.
Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayamiyə” keçib. Neymar isə 2017-ci ildən Fransa çempionatında forma geyinib və 2023-cü ilin yayında Səudiyyənin “Əl-Hilal” klubuna üz tutub.
Bu arada, Fransa millisinin sabiq futbolçusu Jerom Roten 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin futbolçuları ilə əlbəyaxa davaya çıxan argentinalı Lionel Messinin davranışını tənqid edib. Roten argentinalı futbolçuları belə vəziyyətlərdə həmişə birinci hücuma keçməkdə günahlandırıb və bütün bunların komandanın əsas ulduzu olan Messidən qaynaqlandığını deyib: “Messi həmişə gözəl oğlan obrazına sahib idi, amma dəyişdi. İndi onun əsl mahiyyəti və əsl siması ortaya çıxdı”.
Qeyd edək ki, Braziliya – Argentina matçı başlamazdan əvvəl azarkeşlər kütləvi dava salıb. Bundan sonra argentinalı futbolçular münaqişə həll olunana qədər meydanı tərk edib. Qayıdandan sonra Rodriqo rəqiblərini qorxaq adlandırıb, Messi isə onun boynundan tutub: “Biz qorxaqıq? Biz dünya çempionuyuq, biz necə qorxaqıq? Dilinizə diqqət edin”.
Bu açıqlamaya cavab olaraq, braziliyalı Argentinanın son turnirdəki qələbəsi ilə bağlı ironik fikirlər səsləndirib: “Dünya çempionları, elə deyilmi? Necə qalib gəldiyinizi hamımız bilirik”.
Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.