Türkiyə məşhur futbol adamlarının içində olduğu milyonluq dələduzluqdan danışır
Hazırda Türkiyədə ən çox müzakirə olunan mövzulardan biri də Arda Turan, Emre Belözoğlu, Fernando Muslera, Səlcuq İnan, Semih Kaya kimi məşhur futbolçuların, həmçinin “İmperator” ləqəbli baş məşqçi Fatih Terimin və bir sıra nüfuzlu iş adamının məruz qaldığı dələduzluq hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesləridir.
Müttəhim kürsüsündə isə Seçil Erzan adlı sabiq bank müdiri və daha 6 nəfər əyləşib.
Onun qurduğu Ponzi sistemi ilə (Piramida sxemi — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli) müxtəlif vaxtlarda adıçəkilən şəxslərdən yüksək gəlir vədi ilə milyonlarla dollar aldığı və geri qaytarmadığı iddia olunur.
Seçil Erzan
F. Terim haqqında çıxan iddiaları rədd edib və onun adını bu işdə hallandıranlarla hüquqi müstəvidə mübarizə aparacağını bildirib:
“İllərdir Fatih Terim kompleksi ilə yaşayanlar, indi əllərinə fürsət düşdüyü üçün məni əlaqəmin olmadığı bir işin içinə çəkmək istəyirlər. Mənim bu insanlardan nə alacağım var, nə də verəcəyim. Adımı bu işə qarışdıranlara qarşı tarixin ən böyük hüquqi mübarizəsinə başlayıram, hazır olsunlar”.
Terimin bu işdə 300 min dollar dələduzluğa məruz qaldığı deyilir. Seçil Erzanın keçmişdə Fatih Terimin maliyyə müşaviri olduğuna dair iddialar səsləndirilir.
S. Erzan bildirib ki, keçmiş futbolçu Semih Kaya fond adı ilə 3 milyon 200 min dollar alıb:
“Amma 5 milyon 700 min dollar qaytarsam da, ondan yaxamı qurtara bilmədim. Əlavə pulu isə Emre Belözoğlu və Arda Turandan almışam. Keçmiş futbolçu Ayhan Akmandan da faizlə pul aldım, amma ona daha çox qaytardım. Mənim ona heç bir borcum yoxdur, əksinə, külli miqdarda alacağım var”.