“Biri deyir ki, Zəngəzura hücum edib oranı tutaq, o biri deyir…”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Sabah”a müsahibəsini təqdim edirik:
– Azərbaycanla ABŞ arasındakı gərgin münasibətlərin yaranması fonunda ölkədə Qərb, daha dəqiq desək, ABŞ agentlərinin olması ehtimalı ilə çıxış edən şəxslərin sayı çoxalır. Sizcə, Azərbaycanda ən çox kimin agentura şəbəkəsi var? Rusiya, ABŞ, yoxsa İran?
– Bu gün Azərbaycanda ən çox agentura şəbəkəsi Rusiyaya məxsusdur. Çünki biz uzun müddət SSRİ-nin tərkibində olmuşuq və o vaxtdan, eləcə də sonradan ələ alınan agentlər ölkəmizdə var.
Əslinə baxsaq, bu gün ABŞ-Azərbaycan münasibətlərini süni surətdə gərginləşdirən də elə həmin qüvvələrdir. Bəziləri Rusiyanı açıq müdafiə edir, bəziləri də ABŞ-ın əleyhinə Azərbaycanı Rusiya tərəfə meylləndirirlər. Onlar Rusiya qoşunlarının Azərbaycanda saxlanmasının səbəbini izah edirlər, guya Rusiya ilə münasibətlərin vacibliyini vurğulayırlar. Heç kəs Rusiyaya qarşı düşmən olmağı tələb etmir. Əksinə, Rusiyanın Azərbaycana qarşı olan imperial maraqları ilə mübarizə aparmaq üçün bütün millət durmalıdır. Çünki casuslar durmurlar.
Biri deyir ki, Zəngəzura hücum edib oranı tutaq, ruslara verək, digəri söyləyir ki, rus qoşunlarının Azərbaycanda qalması bizim xeyrimizədir. O biri də xalqı qorxudur ki, ruslar çıxsa, ABŞ və Fransa gəlib buraya girəcək. Bunların hamısı rus agentura şəbəkəsinin ümumi ideoloji siyasi işinin mahiyyətini təşkil edir. Bunun məqsədi Azərbaycanı Rusiyanın təsir dairəsində saxlamaqdır.
– Bəs ABŞ-ın mövqeyindəki qərəz?
– Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib. Əslinə baxsaq, ABŞ-ın Cənubi Qafqazla bağlı atdığı addımların hamısı Ermənistanı Rusiyanın təsirindən xilas etməkdir, nəinki Rusiya kimi Ermənistanı qızışdırıb Azərbaycanın üstünə salmaq. Rusiyanın bu bölgədə ermənilərlə bağlı siyasəti ondan ibarətdir ki, onların əli ilə Azərbaycan və Gürcüstana təzyiq etsinlər. Ermənilər isə bu gün Rusiyadan uzaqlaşır deyə, Moskva istəyir ki, Azərbaycanla Ermənistan toqquşsun və hər 2 ölkə arasında sülh müqaviləsi imzalanmasın.
ABŞ da bunu başa düşüyünə görə, istəyir ki, tərəflər arasında tezliklə sülh müqaviləsi imzalansın. Burada tərəflərin fərqi bundan ibarətdir. ABŞ-ı bombalayanların çoxu Rusiyaya casusluq edənlərdir. Bu gün Amerikanın elə imkanları var ki, kosmosdan yerdəki maşının nömrəsinə qədər təyin edə bilər. Belə olan halda ABŞ-ın nə ehtiyacı var ki, Azərbaycanda primitiv agentura şəbəkəsi saxlasın? Bunlar Rusiyaya lazımdır.
– ABŞ-dan uzaqlaşıb Rusiyaya yaxınlaşmağın bizim mənfi və yaxud müsbət tərəfləri nələrdir?
– Məncə, heç bir müsbət tərəfi yoxdur. Hazırda ruspərəstlər çıxıb deyir ki, 20 Yanvar və Xocalı hadisələrini Qərb planlaşdırıb. O biri isə söyləyir ki, Rusiyada 3 milyon azərbaycanlı işləyir deyə onların xətrinə Rusiya deyənlə oturub-duraq.
Yəni ən müxtəlif bəhanələrlə onlar Rusiyanın təsir dairəsini burada saxlamaq istəyirlər. Casusluq deyəndə klassik mənada dövlət sirrini öyrənib onu Rusiyaya çatdırmaqdan söhbət gedir. Doğrudur, elə adamlar var və onlar Müdafiə Nazirliyi və hökumətdə işləyirlər. Amma bütövlükdə isə hökumətdən kənar qeyri-rəsmi dairələrdə Rusiyanın maraqlarını ifadə edən adamlar çoxluq təşkil edir. Bu insanlar Rusiyada oxuyub onun təsiri altındadırlar, ona görə də bunlar açıq şəkildə Rusiyanı müdafiə edirlər.