Azərbaycanın daha beş güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb.
Tacxeber.com xəbər verir ki, bu gün mübarizəyə qoşulan yeddi təmsilçimizdən beşi fəxri kürsüyə yüksəlib.
Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər.
Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.
Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.