• 23 Noyabr 2024 03:09

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlandı – Foto

Bakıda Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus avtomobillə sahibkarın yarım milyon manata yaxın pulunu oğurlayıb qaçan şəxsə hökm oxunub. 

Qaynaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsi, ev 2 ünvanında yerləşən yaşayış binasının həyətində baş verib.

Belə ki, 2022-ci ilin dekabr ayında Yusif, Faiq və Elşən adlı şəxslər FHN-nin balansında olan BMW minik markalı maşınla sözügedən ünvana oğurluğa gediblər. Onlar valyuta mübadiləsilə məşğul olan Bəxtiyar adlı şəxsin evinə gəlişini gözləyiblər. Bunun üçün Yusif və Faiq həmin həyətdə 44 nömrəli mənzilin yerləşdiyi bloka daxil olub. Elşən isə nazirliyə məxsus avtomobili Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb və sahibkarın binaya girişi barədə Yusiflə Faiqə məlumat verib.

Bəxtiyar binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə pilləkənlərlə yuxarı qalxan zaman sözügedən şəxslər onun üzərinə hücum edərək, yumruqla çoxsaylı zərbələr vurmaqla içərisində milli valyuta ilə 5.540 manat ekvivalentində 200.000 Rusiya rublu, 365.500 manat ekvivalentində 215.000 dolları və 108.000 manat məbləğində pul olan kompyuter çantasını əlindən alıb qaçıblar.

Onlar nazirliyə məxsus avtomobillə oğurladıqları ümumilikdə 479.075 manat pulla Xırdalana yollanıblar. Daha sonra pulu aralarında bölüblər. Polisin keçirdiyi əməliyyat zamanı hər üç şəxs saxlanılıb və həbs ediliblər.

Məhkəmənin qərarı ilə 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuş Yusif Zamanov (soyad şərti) Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib və 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Aparılan araşdırma zamanı o da məlum olub ki, oğurluqda təqsirləndirilən Elşən FHN-də müqavilə əsasında sürücü kimi işə qəbul olunub. FHN-də yüksək vəzifəli şəxsin sürücüsü olub və tabeçiliyində BMW  nəqliyyat vasitəsi olub. 2022-ci il tarixdən üzürsüz səbəbdən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla FHN arasında bağlanmış əmək müaviləsi ləğv edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər