Rövnəq Abdullayevin azadlıqda olması həm də ona görə təəccüblüdür ki…
Azərbaycanda yüksək vəzifə tutaraq külli miqdarda pul qazanan məmurların sayı onlarladır. Bura dövlətə məxsus olan, lakin təsərrüfat hesabı ilə çalışan iri şirkətlərin məmur sayılmayan rəhbərlərini də əlavə etsək, say ikiqat artar. Müsbət haldır ki, bir çox korrupsioner vəzifəlilər kürsüdən birbaşa məhbəsə gedir, onların xalqdan oğurladıqlarının mühüm hissəsi geri alınır. Elələri də var ki, uzun illər yüksək vəzifə tutaraq yüz milyonlarla manat əldə edir, daha sonra nisbətən aşağı vəzifəyə transfer olmağı bacarır və yığdıqlarını rahatlıqla xərcləyə bilirlər. Belələrindən biri də SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevdir.
Neft sahəsində fəhləlikdən başlayaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti vəzifəsinə qədər yüksələn R.Abdullayev heç vaxt bizneslə məşğul olmayıb. Yəni həmişə dövlət işlərində çalışıb və vəzifə maaşı ilə “dolanıb”. Lakin onun oğlu Rəşad Abdullayev hələ 25 yaşında ikən Londonun ən bahalı bölgəsində ən bahalı mənzillərdən birinə sahiblənib. Bəs bu necə baş verib? Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, R.Abdullayev dövlət işində çalışsa da, bundan öz xeyrinə yararlanmağı bacaran kadr olub. O, qohumlarının, yaxın çevrəsinin adına yaratdığı saysız-hesabsız şirkətlər vasitəsilə dövlət vəsaitlərini mənimsəməkdə ən azı neftçiliyi qədər mahirdir, desək, yanılmarıq. “Qar yağıb izləri örtmüş” olsa da, bir neçə il əvvəl Böyük Britaniyada qəbul edilən qanun eyiblərin üstünün açılmasına səbəb oldu. Belə ki, Rəşad Abdullayevin bu dəbdəbəli London mənzilinə Gernsidə qeydiyyatdan keçmiş şirkət vasitəsilə sahib olduğu məhz qəbul edilmiş qanun sayəsində mümkün olub. İqtisadi Cinayətlər (Şəffaflıq və İcra) Aktı ilə gizli şirkətlərin benefisiarları “ifşa edildi”, R.Abdullayevin şirkəti də həmin siyahıda idi.
Sənədlərdən görünür ki, 28 yaşlı Rəşad Abdullayev Londonun ən bahalı və tanınmış yerlərindən biri olan “Twenty Grosvenor” Meydanında 17,3 milyon funt-sterlinq (təxminən 22,4 milyon dollar) dəyərində dəbdəbəli mənzilin sahibdir. Mənzilin alınması üçün ödənilən pulun mənbəyi bəlli deyil.
Bu çoxmərtəbəli binanı bir vaxtlar ABŞ Hərbi Dəniz Qüvvələri istifadə edib. İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrinə rəhbərlik edən general Duayt Eyzenhauer evin sahibi olub. 2014-cü ildən etibarən şərab zirzəmisi, öz stüardı və 25 metrlik hovuzu olan elit yaşayış binasına çevrilib. Dəbdəbəli mənzillərə “Four Seasons otel” brendinin əməkdaşları gecə-gündüz qulluq edir.
Bizim varidatının mənşəyi əslində məlum olan milyonçu “iş adamı” həmvətənimiz isə binanın üçüncü mərtəbəsində yerləşən 4 yataq otaqlı mənzili alıb. Mənzil korporativ mülkiyyət məlumatları ictimaiyyətə açıqlanmayan, Gernsi adasında qeydiyyatdan keçmiş bir şirkətə məxsusdur.
İqtisadi Cinayətlər (Şəffaflıq və İcra) Aktı ölkədə mülk sahibi olan bu tipli ofşor şirkətlərin yanvarın sonuna qədər benefisiarlarını açıqlamalarını tələb edib. Əks halda onlarla bağlı ciddi ölçü götürüləcəyi də sözügedən qanunun tələblərindəndir.