“Ermənistan hakimiyyətinin imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, bu, artıq vəziyyətlə barışmaq müqaviləsidir. Ankara və Bakının yazdığı hər şeyi hazırkı erməni müzakirəçilər imzalayacaqlar. Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika Partiyasının İdarə heyətinin üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
“Ermənistan hakimiyyəti Bakı hansı tələbi irəli sürürsə onu yerinə yetirir. Bakı Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, baş nazir Nikol Paşinyan bu tələbi məmnuniyyətlə yerinə yetirdi, Azərbaycan anklavları istəyir, Ermənistan hakimiyyəti artıq bu məsələnin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək vəzifəli məmurlarından birinin sözlərinə görə, artıq 4 kəndin məsələsi həll olunub”, – deyə o, yerli “24TV” kanalının efirində bildirib.
Şarmazanovun bildirdiyinə görə, Ermənistanı təmsil edən müzakirəçilərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə ümumiyyətlə, heç bir təsəvvürləri yoxdur.