Cənubi Koreyada hökumətin “it əti”ni qadağan etmək üçün atdığı addım küçələrdə xaosa səbəb olub. İt yetişdirənlər isə gəlir mənbələrini itirəcəklərini deyərək küçələrə axışıblar.
Qanun layihəsinə reaksiya verən it yetişdirənlər paytaxt Seulda etiraz aksiyası keçiriblər. Sayı 200-ə yaxın olan qəzəbli fəallar hökumətin insanların yediyi şeylərə qarışa bilməyəcəyini bildiriblər. Onlar it ətinin qadağan edilməsini “barbarlıq” adlandırıblar.
İt yetişdirənlər bu qanun layihəsinin dolanışıqlarını məhdudlaşdıracağı səbəbilə küçələrə çıxsalar da, hökumət yeni iş qurmaq istəyənlərə dəstək olacağını açıqlayıb. Lakin bu, reaksiyaları sakitləşdirmək üçün kifayət etməyib. Koreya İt Əti Fermerləri Assosiasiyasının prezidenti qanun qəbul olunarsa, onların yetişdirdikləri iki milyon iti Seula buraxacaqları ilə hədələyib. O, hətta itləri xüsusilə dövlət binalarının və siyasətçilərin evlərinin ətrafına buraxacaqlarını bildirib.
Qanun qəbul olunarsa, Cənubi Koreyada it ətinin istehlakına qoyulan qadağa 2027-ci ildə qüvvəyə minəcək. Ötən il ölkədə aparılan sorğuya görə, cəmiyyətin 64 faizi it əti istehlak etmir. Lakin Cənubi Koreyada hər il təxminən bir milyon it yetişdirilir və insan istehlakı üçün öldürülür. Heyvan haqları müdafiəçiləri bu vəziyyətə son qoymaq üçün uzun müddətdir mübarizə aparırlar.
Etirazçılar “Biz döyüşəcəyik!” şüarları səsləndiriblər. Aksiya zamanı çıxan davada polisin 3 nəfəri saxladığı bildirilib. Etirazçılar qadağaya qədərki müddətin uzadılmasını və hökumətdən maliyyə dəstəyi tələb ediblər. (Publika)