Uşaqların inkişafında musiqi təhsilinin və tərbiyəsin mühüm yeri var. Sovet dövründə məktəblilər mütləq dərsdən əlavə ən azı 1 musiqi alətində ifa edə bilmək üçün xüsusi dərs alırdılar. Həmin vaxtların ən məhşur musiqi aləti isə piano idi. Ancaq hazırda bu məsələ o qədər də aktual deyil.
Bu barədə Xalq artisti Mübariz Tağıyev “Yeni Sabah”a öz fikirlərini bildirib.
Tanınmış sənətçi vurğulayıb ki, məktəblilərin dərs yükünün həddən artıq çox olması onlara başqa sahəyə vaxt ayırmağa imkan vermir:
“Burada əsas məsələ estetik tərbiyə və təbliğatdır. Demək olar ki, bu iki amil hər kəsin yadından çıxıb. Əslində istək də önəmlidir. İndi kimin evində musiqi aləti varsa, həmin adamlar uşağını musiqi dərslərinə yazdırır. Əvvələ nisbətən az da olsa, bu ənənə hələ də davam edir, lakin sovet dönəmindəki kimi deyil. Səbəb isə hazırkı şagirdlərin dərs yükünün çox olması və dərsliklərin müəyyən qədər çətin olmasıdır. Şagirdlər dərsdən sonra müəllim yanına hazırlığa gedir. Buna görə də çoxlarının başqa sahə ilə məşğul olmağa vaxtı yoxdur”.
Xalq artisti musiqinin uşaqların inkişafındakı rolundan da danışıb:
“Musiqi ilə məşğul olmaq uşaqların fiziki-psixoloji inkişafında mühüm rol oynayır. Bu səbəbdən uşaqların musiqiyə, rəqsə cəlb edilməsi olduqca lazımlıdır. Avropa liseyində həyat yoldaşım xoreoqrafiya dərsi keçir. Bu tədris müəssisəsi istiqamətlənmiş məktəb deyil, psixoloji tərəfdən fərqli qurulub. Burada 1-2-ci sinif şagirdlərinin konsertlərində iştirak etmişəm. Onları izləyəndə çox təəccüblənirəm ki, bu sahəyə necə də həvəsləri var. Əslində çox çətin məsələdir. 40-a yaxın uşaqla belə konsertləri təşkil etmək üçün böyük hazırlıq lazımdır. Fəqət, həm uşaqların, həm də müəllimlərin bu işə böyük marağı var.
Bir sıra məktəblərdə musiqi dərsləri keçirilir. Bu yaxşı haldır. Uşaqlar müəyyən yaşa qədər estetik tərbiyə almalıdır. Bu onlara hər mənada kömək edir. Təbii ki, musiqi və rəqsə yiyələnməyin psixoloji tərəflərini psixoloqlar daha yaxşı izah edə bilər. Amma hər bir halda yaşdan asılı olmayaraq musiqinin insan həyatında müsbət təsiri çoxdur”.