• 22 Noyabr 2024 13:51

Pablo Eskobar – dövlət orqanları da onun qarşısında aciz idi.

2 dekabr 1993-cü il, məşhur narkobaron Pablo Eskobar öldürülür.

Kolumbiya narkobaronlarını ən çox narahat edən tutulduqdan sonra ABŞ-a ekstradisiya olunmaları idi. Axtarışda olan Eskobar 1991-ci ilin iyununda, hökumətin ekstradisiyaları ləğv etməsindən sonra təslim oldu və özünün tikdiyi “La Katedral” həbsxanasında saxlanıldı.

Əslində “La Katedral”a həbsxana demək çətin idi. Burada diskoteka, hovuz, cakuzi və sauna, həyətdə futbol meydançası vardı. Ailəsi, dostları, qadınlar onu istənilən vaxt ziyarət edə bilərdilər. Özü də istəyəndə həbsxanadan çıxıb gedir və istəyəndə geri qayıdırdı. Narkobiznesi isə davam edirdi.

Bir gün Eskobar eşidir ki, iki ortağı ona pul atıb. Onları həbsxanaya gətirdir, dəhşətli işgəncələrdən sonra öldürtdürür. Bunu eşidən Kolumbiya prezidenti Eskobarın həqiqi həbsxanaya keçirilməsini əmr edir. Pul hesabına hər yerdə casusu olan Eskobar isə bundan xəbər tutaraq 1992-ci ilin iyulunda qaçır.

Eskobarı hökumət qüvvələrindən çox “Los Pepos” adlı təşkilat qorxudurdu. Hökumət necə olsa, az-çox qanunlara riayət etməli idi, amma “Los Pepos” Eskobarın tərəfdarlarını məhkəməsiz filansız öldürür, tutub işgncə verir, ailəsini təhdid edirdi. Pablonun imperiyası tezliklə çökməyə başladı.

1993-cü il dekabrın 1-də Eskobarın 44 yaşı tamam oldu. Ertəsi gün ailəsinə zəng etdi. Adətən yerinin müəyyənləşməməsi üçün az danışırdı, amma həmin gün 5 dəqiqə danışdı və polis yerini müəyyən etdi (bəlkə də dolayı intihar aktı idi, bununla ailəsini xilas etmək istəyirdi). Eskobarın və mühafizəçisinin gizləndiyi yer mühasirəyə alındı. Pəncərədən qaçmaq istəyən narkobaron ayağından, belindən və başından üç güllə vurularaq öldürüldü (bir ehtimala görə, başına gülləni özü vurub).

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər