Yayda yüksək olan enerjimizin qışda azalmasının mühüm səbəbi var.
Tacxeber.com xəbər verir ki, Acıbadem Ataşehir Xəstəxanasının daxili xəstəlikləri mütəxəssisi Dr. Ayşe Çakmakçının araşdırmasına görə, bunun əsas səbəbi gün işığının azalmasıdır.
Günəş işığı qəbul etmədikdə, immunitetimiz aşağı düşür, yuxu rejimimiz dəyişir, əhvalımız pisləşir. Bir sözlə, günəşin girmədiyi evə həkim tez-tez girər.
Yayda günəş şualarını çoxlu qəbul edirik, qış aylarında isə ondan məhrum qaldıqda, tarazlığımızı itiririk. Çünki bədənimizdəki bir çox sistemin sağlam funksiyalarını qorumaq üçün həqiqətən də günəşə ehtiyacımız var.
D vitamini orqanizm üçün vacibdir
Günəş şüaları bədənimizin əsas ehtiyaclarından biridir. Onun ən əhəmiyyətli faydalarından biri də bizim üçün vacib olan D vitamininin sintezini təmin etməsidir. Bunu qidadan kifayət qədər ala bilmirik. Dəridə günəş işığı ilə sintez edilən D vitamini çatışmazlığı halında əzələ, sümük və birləşdirici toxumaların funkusiyaları pozulur. Şəkərli diabet, metabolik xəstəliklər, ürək-damar xəstəlikləri, piylənmə, immunitet sistemi problemləri və hətta xərçəng xəstəliyi yarana bilər.
Sirkadiyan ritmi nədir?
Bədənimizin yuxu-oyanma dövrünü, əhval-ruhiyyəni və iştahı tənzimləyən 24 saatlıq işıq və qaranlıq dövrəsindən ibarət olan bioloji ritmimizə “sirkadiyalı ritm” deyilir.
Bu hadisənin ən mühüm amili təbii günəş işığına məruz qalmaqdır. Gözümüzdəki işığı hiss edən strukturlardan ötürülən siqnallar bioloji ritmimizi tənzimləyir. Bu, yuxuya, maddələr mübadiləsinə və hormon istehsalımıza təsir göstərir. Hava qaraldıqda beynimizdə melatonin hormonunun sintezi artır, bu səbəbdən yuxulu oluruq. Günəş işığı isə melatonin sintezini azaldaraq, gün ərzində oyaq qalmağımıza kömək edir. Günəş işığına məruz qalmanın azaldığı qış aylarında gündüz melatonin səviyyəsi kifayət qədər azalmaya bilər və gün ərzində özümüzü daha yuxulu hiss edə bilərik.
Necə tədbirlər görə bilərik?
Payız-qış aylarında immunitetimizi dəstəkləmək üçün açıq havada daha çox vaxt keçirməli, nizamlı idman etməli, yuxu saatlarımıza fikir verməli və D vitamini səviyyələrimizi yoxlamalıyıq. Risk qrupundayıqsa, qrip və pnevmoniyaya qarşı peyvənd olunmalı və gündəlik sağlamlığımıza laqeyd qalmamalıyıq.
Payız və qış aylarında günəş işığının azalması səbəbindən endorfin və serotonin kimi xoşbəxtliklə əlaqəli hormonların istehsalı azalır. Yuxumuz və cinsi istəyimiz azala bilər, yaddaşımız zəifləyə bilər. Bu, depressiya kimi nevroloji problemlərə yol açır. Özümüzü yaxşı hiss etmək üçün yüksək şəkər və karbohidratlı qidalardan istifadə edə bilərik.
Elmi araşdırmalar D vitamini çatışmazlığının çəki artımı ilə əlaqəli olduğunu sübut edib.
Bəzi tədqiqatlar göstərir ki, adekvat və müntəzəm günəş işığına məruz qalma, xüsusilə 30 gün ərzində depressiyanı azaldır.
Mövsümi depressiyanın simptomlarına həddindən artıq yuxu pozğunluğu, yorğunluq, aşağı enerji və diqqəti cəmləməkdə çətinlik ola bilər.
Elmi araşdırmalar göstərir ki, günəş işığı qan təzyiqini aşağı salır, infarkt və insult riskini azaldır və hətta ömrü uzadır.
Ultrabənövşəyi şüaların tərkibində orqanizmdə qan təzyiqini aşağı salan azot oksidi birləşməsinə rast gəlinib. Bu birləşmə günəş vannası qəbul etdikdən sonra bədəndə əmələ gələn D vitaminindən ayrı olaraq meydana gəlir.
Uşaqların günəşli açıq havada ictimai fəaliyyətlə məşğul olmaları çox vacibdir, çünki günəş işığı gözün böyüməsini ləngidir və bu gün çox artan miyopiyanın (uzaqgörmə) inkişafını azaldır.