• 23 Noyabr 2024 07:44

Sənədsiz evlərə qadağa bahalaşma yaratdı – Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq.

Bakıda fərdi yaşayış evlərinin qiyməti yenidən bahalaşıb. Ekspertlərin bildirdiyinə görə, bu artım ötən ay qanuna edilmiş müvafiq dəyişikliklə əlaqədardır. Dəyişiklik səbəbindən çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Ona görə də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

 

Qeyd edək ki, son illər paytaxtda mənzillərin qiymətində ciddi artım baş verib. Statistik göstəricilərə əsasən, təkcə son üç ildə mənzillərin qiymətində 50 faizlik artım müşahidə olunur. Ekspertlər qiymət artımını əmlakın etibarlı sərmayə növü olması, Rusiyadan, Ukraynadan və digər dövlətlərdən Azərbaycana üz tutanların sayının çoxluğu, azərbaycanlı miqrantların ölkəyə qayıtması və Bakıda əmlak sahibi olmağa meyllənməsi və digər amillərlə əlaqələndirirlər. Eyni zamanda, mövsümi amillər, bölgələrdə işsizliyin hökm sürməsi və əhalinin kütləvi şəkildə Bakıya üz tutması da qiymət artımlarına təsirsiz ötüşmür.

 

Bahalaşma təkcə daşınmaz əmlakın satışı zamanı deyil, kirayə qiymətlərində də özünü göstərir. Açıqlamalara görə, kirayə bazarında da son bir neçə il ərzində təxminən 50 faiz artım qeydə alınıb. Bahalaşma şəhərin mərkəzi hissəsi ilə yanaşı, kənar ərazilərində də müşahidə edilir. Ekspertlər çıxış yolu olaraq universitetlərin paytaxtdan kənara və regionlara köçürülməsini, müasir tələbə yataqxanalarının istifadəyə verilməsini təklif etsələr də, bu, baş vermir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc AYNA-ya açıqlamasında bildirib ki, qanuna edilən dəyişikliklər tikinti məhsulları bazarına da təsirsiz ötüşməyəcək: “İnşaat bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evlərinin sayının çox olması ilə əlaqədar idi. Oktyabrın 1-dən etibarən qanuna edilmiş müvafiq dəyişikliyə əsasən, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu o deməkdir ki, artıq belə evlərdə yaşayan əhali kommunal xidmətlərdən istifadə edə bilməyəcək. Bakıda və Abşeronda isə çıxarışı olmayan fərdi yaşayış evlərinin sayı çoxdur. Bu isə öz növbəsində ciddi problemlərə yol açacaq. Çıxarışı olan torpaqların və fərdi yaşayış evlərinin qiymətləri isə artacaq. Bu, bir tərəfdən həyət evləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edirsə, digər tərəfdən xeyli sayda vətəndaşın, əsasən də aztəminatlı ailələrin ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır” – AQC sədri vurğulayıb.

 

 

Əlavə edib ki, daşınmaz əmlak bazarında ucuzlaşmadan söhbət gedə bilməz: “Bahalaşmanı doğuran səbəblər hələ də öz aktuallığını qoruyub saxlayır. Daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olması, Rusiyada və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, habelə imkanı olan ölkə vətəndaşlarının bir neçə mənzilə sahiblənməsi, həmin mənzilləri kirayəyə verməsi qiymət artımları ilə yanaşı, kirayə bazarında bahalaşmaya səbəb olub. Eyni zamanda, Azərbaycana üz tutan xarici ölkə vətəndaşları da Bakıda daşınmaz əmlaka sahib olurlar və bu, kütləvi xarakter daşıyır. Hansı ki, paytaxdakı əcnəbilər buna qədər daha çox kirayələrdə yaşamağa üstünlük verirdilər. Regionlardan da paytaxta axını nəzərə alsaq, yaxın gələcəkdə qiymət artımlarının davam edəcəyini proqnozlaşdırmaq olar” – V.Oruc əlavə edib.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin AYNA-ya dediyinə görə, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsinin qadağan olunması ilə bağlı qanuna edilən dəyişiklikdən sonra çıxarışlı torpaqların və mənzillərin qiyməti artacaq: “Artıq bu, baş verib və bundan sonra da davam edəcək. Bu gün Bakıda və Abşeronda çıxarışı olan torpaq sahələrinin sayı azdır. Əksər torpaq sahələrinin bələdiyyə sənədi və və SSRİ dövründən qalan kolxoz və sovxozlardan verilən payçı sənədləri mövcuddur. İndiyə qədər ən ucuz evlər də məhz çıxarışı olmayan evlər idi. Qiymətlər münasib olduğuna görə aztəminatlı əhali üçün əlçatan idi. Təbii ki, qanuna edilən son dəyişiklikdən sonra bu evləri alan olmayacaq. Qanuna edilən bu dəyişiklik öz növbəsində inşaat bazarına da təsirsiz ötüşməyəcək. İşıq, qaz və suyu olmayan evlərdə heç kim yaşamaq istəməyəcək”.

Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında bahalaşma alıcılıq qabiliyyətini ciddi şəkildə azaldır: “Yeni inşa edilmiş binalarda daha çox qiymət artımları baş verir. Əsas səbəb tikinti materiallarının bahalaşması, çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin kəskin azalması və qiymət artımlarıdır. Eləcə də köhnə 9 mərtəbəli və istismar müddətini bitirmiş 2-5 mərtəbəli binalarda da çox ciddi şəkildə bahalaşmaya məruz qaldı. Buna səbəb həmin binaların pilot layihələr çərçivəsində sökülməsi, sosial şəbəkələrdə və KİV-lərdə bu barədə yayılmış məlumatlardır. Hazırda qiymət artımları nisbətən səngisə də, ciddi qiymət enmələri gözlənilmir” – deyə, Fərzəliyev fikrini tamamlayıb. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər