• 23 Noyabr 2024 07:19

AFFA-ya qayıtmaq üçün əldən-ayaqdan gedən “FİFA Elxan” altdan-altdan hansı işləri görür?

“FİFA Elxan” yenə iş başındadır.

Deyəsən azərbaycanlı futbol azarkeşlərinin heç vaxt bu adamdan canı qutarmayacaq.

Onun gedişindən sonra futbol təsərrüfatı təzə-təzə özünə gəlir. Vaxt vardı, Premyer Liqa yalnız Bakı çempionatından ibarət idi, klublara da baş katibin dostları, sinif yoldaşları nəzarət edirdi.

Brejnev dövründəki “pripiska” yalan olmuşdu. Yalançı rəqəmlər, pafoslu “top çiləmə festival”ları…Hələ mən Almaniyadakı mənasız futbiol məktəblərindən danışmıram. Neftin pulları sağa-sola nəyi var, dağıdılırdı.

Azərbaycan futbolunun anasını ağlar gününə qoyan şəxs yenidən ortalıqda görünməyə başlayıb.

Təsəvvür edin, milli komanda Belçikaya rəsmi oyuna gedir, lakin Parisdə oturan AFFA-nın vitse-prezidenti (ictimai əsasda) özünə əziyyət verib təxminən bir saatlıq yolu qət edib matça gəlmir.

Ümumiyyətlə, Məmmədov Bakıdan gedəndən yığmanın heç bir oyununa təşrif buyurmayıb. Lakin AFFA-nın hesabat-seçki konfransı yaxınlaşdıqca Məmmədov özünə əl qatmağa başlayıb.

Gah Bakıdakı dostlarına millimizin sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşdən şəkilini göndərir, gah da Zaqrebdə Mahir Emreli ilə görüşür.

“FİFA Elxan” yenə də bir güllə ilə iki dovşan vurmağa çalışır. Millinin baş məşqçi postu boş olarkən və hazırda bu məsələlər fəal şəkildə müzakirə edilərkən Məmmədovun Prosineçki ilə bir araya gəlməsini təsadüfi saymaq olmaz.

Bu foto həm də “yıxılmadım ayaqdayam” deyib meydan oxumaqdır. Yeri gəlmişkən, bir müddət əvvəl Prosineçkinin yenidən millinin sükanı arxasına keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Bizdə olan məlumata görə, Məmmədovun şəriki və dostu olan menecer AFFA-ya yenidən xorvatiyalı mütəxəssisin xidmətlərini təklif edib.

Bir neçə gündən sonra FİFA-nın baş katibi Fatma Samora Bakıya səfərə gələcək. Onun səfəri bir başa futbolla bağlı olmasa da, AFFA rəsmiləri də görüşəcək.

Dünya futbol təşkilatının rəsmisi Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasına dəvət olunub. Lakin bu səfərdə də öncədən cızılmış planları, gedişləri görməmək mümkün deyil.

Samora ilə yanaşı Məmmədov da böyük ehtimalla, Azərbaycana gələcək. “Mister saxtakar” Bakıda olan müddətdə FİFA-nın baş katibi vasitəsi ilə özünü yuxarı dairələ tapşırmaq niyyətindədir.

Fatma xanım dövlət rəsmiləri ilə görüşsə, “sizin belə bir kadrınız var. Niyə onun xidmətlərindən yararlanmırsız” deyə bilər. Təbii ki, bu bizim versiyadır, amma bunu istisna etmək olmaz.

Təsadüfi deyil ki, bir neçə gün öncə AFFA-nın rəsmi saytında qadınlardan ibarət milli komandamızın Millətlər Liqasında uğurlu çıxışı ilə bağlı yazı getdi.

“Rövnəq Abdullayev qadın futbolçuları təbrik edib” başlıqlı materialda əsas məqam ondan ibarət idi ki, bu uğurun əsas səbəbi illər öncə qadın futboluna göstərilən diqqətin sayəsində mümkün olub.

Guya 2012-ci ildə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatından sonra qadın futboluna xüsusi qayğı göstərilir. Bu tezislər təsadüfi deyil.

Hiss olunur ki, tezislər Bakıya Parisdən göndərilib. Başlıca məqam isə Elxan Məmmədov o vaxt yaxşı işləyirdi imicini yaratmaqdır.

Amma deyən yoxdur ki, 2012-dən bu yana nə qədər qadın futbolçu milliləşdirilib, baş məşqçi Patrisiya Qonzalesin gətirdiyi ispan qızlara nə qədər pullar verilib. Bunu yada salan yoxdur.

Elxan Məmmədov Bakıda olan müddətdə futbol dairələrində olan bəzi şəxslərlə görüşəcək, yenə kimlərəsə hansısa vədlər verəcək.

Görünən odur ki, adam Azərbaycana – AFFA-ya qayıtmaq üçün əldən-ayaqdan gedir. Amma futbol ictimaiyyəti canını tam qutara bilmədiyi şəxsə inanmıram ki, ikinci dəfə qucaq aça. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər