• 23 Noyabr 2024 14:33

“Nədən Putini Yaxın Şərqə səfərində qırıcı təyyarələr müşayiət edib?” – Peskov

“Yaxın Şərq regionu narahat, təhlükələr və gözlənilməzliklərlə doludur…”

“Putin Əmirliklərə nisbətən Səudiyyə Ərəbistanında az təmtəraqla qarşılanıb, Suriya və İranla bağlı iki ölkənin mövqeyində kəskin ixtilaflar mövcuddur…”

“Rusiya prezidenti ölkədən xaricə çıxa bilmədiyini iddia edən bədxahlarına bunun əksini nümayiş etdirib…”

Kremlin mətbuat katibi Dmitri Peskov Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edən Rusiya prezidenti Vladimir Putinin təyyarəsini “Су-35” qırıcılarının müşayiət etməsinin səbəbini izah edib.

Bu barədə “iz.ru” nəşri yazıb.

“Kremlin ruporu” deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı özlüyündə “sabit və təhlükəsiz ölkələr olsa da, ətraf region narahatdır, təhlükələr və gözlənilməzliklərlə doludur”.

Peskov həmçinin qeyd edib ki, “davam edən Fələstin-İsrail münaqişəsi ilə bağlı vəziyyət narahatlıq doğurur” və Kreml “humanitar fasilənin davam etməsinə” üstünlük verir.

Putinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı yerli aviatorların səyi ilə ölkənin səması Rusiya bayrağının üç rənginə boyanıb. Görüş yüksək səviyyədə, maksimal ehtiramla keçib.

Əmirliyin prezidenti Məhəmməd əl-Nəhyanla görüş “Qəsr əl-Vətən” sarayında keçib. Görüş zamanı Putin qeyd edib ki, ötən il Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi, o cümlədən neft-qaz sahəsində 68 faiz, yəni bir dəfə yarımdan çox artıb.

Tərəflər Yaxın Şərqdəki qaynar nöqtələrdə, ilk növbədə, Putinin ifadə etdiyi kimi, “ərəb-Fələstin-İsrail münaqişəsində” vəziyyəti müzakirə edib.

Səudiyyə Ərəbistanında Rusiya prezidenti daha az təmtəraqla qarşılanıb. Moskva ilə Ər-Riyad arasında münasibətlər Əmirliklərə nisbətən asan deyil.

“Sünnü oxu”na iddia edən Səudiyyə Ərəbistanının Rusiya ilə Suriyada vətəndaş müharibəsində Əsəd rejiminə dəstəkdə mövqeləri bir-birindən kəskin surətdə fərqlənir və bu ölkə Modkva ilə Tehranın sıx dostluğuna ehtiyatla yanaşır.

Putin giriş sözündə SSRİ-nin təxminən 100 il öncə Səudiyyə Ərəbistanının müstəqilliyini tanımasını qeyd edib.

Bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səid ona düzəliş verərək deyib ki, bu, hələ müstəqilliyin deyil, krallığın təşəkkülünün tanınması olub.

Formal olaraq bu, doğrudur, lakin belə səviyyəli görüşlərdə həmsöbətlərin nitqlərindəki əhəmiyyətsiz olan dəqiqsizliklərə düzəliş etmək ənənəsi yoxdur.

Putin düzəliş verməli olub və izah edib: “Hər halda biz Səudiyyə Ərəbistanı rəiyyətinin iradəsinə hörmətlə yanaşmışıq”.

Səudiyyə şahzadəsi ilə Rusiya prezidenti arasında söhbətin məzmunu bəlli deyil. Dmitri Peskov məlumat verib ki, “aydındır ki, bunlar, əlbəttə ki, İsrail-Fələstin münaqişəsi, beynəlxalq gündəliyin digər həssas məsələləri olub”.

Hər şeydən göründüyü kimi, Putinin Yaxın Şərqə səfərinin başlıca məqsədlərindən biri danışıqların özündən çox Rusiya prezidentinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən onun həbsinə order verildini nəzərə alaraq, ümumiyyətlə, xaricə uça bilməsini nümayiş etdirmək olub.

Putinin həbs edilməsi qorxusundan Cənubi Afrika Respublikasına səfəri təxirə salındıqdan sonra bir çoxları Rusiya prezidentinin tamamilə ölkədən kənara çıxa bilmədiyini hesab edib.

Onun avtoritar və bir çox mənalarda Qərbə yönələn iki ərəb ölkəsinə, üstəlik, qırıcı təyyarələr eskadrilyasının, çoxsaylı nazir və köməkçilərin müşayiəti ilə etdiyi səfər Qərbdə Rusiyanın bütün bədxahlarına açıq-aydın cavabdır.

Avropa və Amerikada Putinin səfəri və ərəblərin ona qarşı sərgilədiyi fəxri qəbul hələlik şərh edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər