• 24 Noyabr 2024 08:06

Qızılcaya yoluxarkən nə etməliyik? – VİDEO

Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

qizilcaya-yoluxarken-ne-etmeliyik

Səhiyyə Nazirliyi bildirir ki, onlardan 35-i yaşlı insanlar olub. 

Bəs gəlin görək qızılca nədir və bu xəstəlikdən necə qorunmaq olar?

Qızılca çox asanlıqla yayılan və bəzi insanlarda ciddi problemlər yarada bilən bir infeksiyadır.

Tibbdə rubeola və ya morbilli kimi də tanınan bu xəstəlik tənəffüs sisteminin viral infeksiyası kimi də təyin edilə bilər.

Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasındadır.

Qızılcaya, əsasən, uşaqlar yoluxur. Amma digər yaş qruplarında olan insanlar da bu virusla xəstələnə bilər.

Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.

Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri görünür. Bu simptomlar çox vaxt yuxarı tənəffüs yolları infeksiyasına bənzəyir.

Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində kiçik boz rəngli ləkələr, gözün işığa həssaslığı kimi əlamətlər ortaya çıxır. Xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.

Qulaq və boyun arxasında səpkilər başlayır. Bu səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpki qırmızı və qəhvəyi rəngdə olur. Bütün bədənə yayılan səpkilər təxminən 4 gün davam edir.

qızılcanın xüsusi müalicəsi yoxdur və sadəcə, immuniteti gücləndirən müalicə aparılır. Həkim maye balansının qorunmasının vacibliyini vurğulayır.

“Xüsusilə qida çatışmazlığı olan və 2 yaşa qədər uşaqlara A vitamini əlavəsi verilməlidir. A vitamini qızılcada fəsadların inkişafının qarşısını alır və immunitet sistemini gücləndirir”.

Qızılcaya yoluxan insanlara yataq istirahəti və sulu yeməklər tövsiyə olunur.

Göz qapaqlarını ilıq su ilə təmizləmək, yüksək hərarət zamanı qızdırma salıcı dərmanlar qəbul etmək olar. Otağın havasını nəm saxlamaq vacibdir.

Qızılcaya yoluxan biri ilə təmasda olan hamilələrin isə tibbi məsləhət alması vacibdir.

Həkim Səfa Səməd Durmaz qeyd edir ki:

“Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur. Peyvənd qızılca virusuna yoluxmuş insanlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır’’

O bildirir ki, peyvənd, əsasən uşaqlıq dövründə və iki dozada tətbiq edilir: “Birinci doza uşaq 12-15 aylıq ikən, ikinci doza 4-6 yaş arasında vurulur”. (Azxeber.com)

Oxşar xəbərlər