Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün AFFA-nın nəzərdə tutduğu xüsusi İşçi Qrupu hələ yaradılmayıb.
Bu barədə “report”a AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.
O bildirib ki, İşçi Qrupu yaradılmadığından, adları milliylə birgə hallanan məşqçilərə maraq göstərilməsi real deyil:
“Əvvəlcə İşçi Qrupu yaradılmalı, istiqamət müəyyənləşdirilməlidir. Yalnız bundan sonra namizədlərlə bağlı müzakirələr aparıla bilər.
Bunlar hələ olmadığı üçün hansısa məşqçinin milliyə təyinatı barədə danışmaq yersiz olar”.
AFFA İcariyyə Komitəsinin noyabrın 22-də keçirdiyi fövqəladə iclasında yığmanın baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması qərara alınıb.
Xüsusi İşçi Qrupuna həm İcraiyyə Komitəsi üzvlərinin, həm də kənardan mütəxəssislərin cəlb olunması planlaşdırılır.
Vaqif Sadıqovun söylədikləri həqiqətdir.
İşçi Qrupunun bir araya gəlməsi arxa plana keçib. Komissiyanın tərkibi məlum olmadığı kimi, onun nə vaxt yığışması da sual altındadır.
AFFA-nın baş katibi Sərxan Hacıyev da, böyük ehtimalla, İşçi Qrupunun sədri kimi fəaliyyət göstərə bilməyəcək.
Onun işə başlamamış bu postu tutmaqdan kənara çəkilməsi barədə məlumatlar var.
Bildyimizə görə, ona güclü təzyiqlər var. Hacıyevin milli ilə əlaqəli məsələlərdən kənarlaşdırılması istiqamətində addımlar atılıb. Konkret AFFA daxilində.
Federasiya prezidenti Rövnəq Abdullayev yaxın çevrəsinin təsiri altındadır və gündə bir fikrə düşür. (Sportinfo)