Azərbaycanda bir qrup ictimai-siyasi şəxs tərəfindən yaradılan III Respublika Platforması adlı yeni siyasi təşkilat elə ilk gündən qalmaqalla üzləşib.
Modern.az saytı xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (ReAl) icraçı katibi Natiq Cəfərli sosial şəbəkədə hesabında yazdığı fikirlərlə III Respublika Platformasına söz atıb və yeni təşkilatın dolayısı ilə hakimiyyət tərəfindən yaradıldığına ironiya edib. Belə ki, o, platformanı vaxtilə Müsavat Partiyasına alternativ olaraq yaradılan Müasir Müsavat Partiyasına oxşadaraq, onu “Müasir REAL Partiyası” adlandırıb.
Natiq Cəfərlinin fikirləri birmənalı qarşılanmayıb. Bəziləri hətta onu “Respublika” sözünü inhisara almaqda ittiham ediblər.
III Respublika Platformasında Qurucu Heyətin üzvü olan tanınmış iqtisadçı Rövşən Ağayev isə Natiq Cəfərliyə daha sərt reaksiya verib.
R.Ağayev N.Cəfərlinin siyasətçiyə və siyasətə yaraşmayan davranış nümayiş etdirdiyini, yeni təşkilata şər-böhtan atdığını vurğulayıb.
“Siz məni hakimiyyətin layihəsində iştirakla şərləyə bilməzsiniz. Duz-çörəkdən danışmısınız, amma duz-çörək kəsdiyiniz insanlara şər atırsınız. Sizin bu danışıq-yazı tərzi debatlara çıxdığınız iqtidar və onun pərəst partiyalarının təmsilçiləri üçün keçərli ola bilər. Hələ də biz bu etdiklərinizə son dərəcə ədəb və ərkanla cavab veririksə, yenə də duz-çörəyə görədir. Amma nəzərə alın ki, səbirin də bir həddi var. Nəzərə alın ki, mən 7 il əvvəl ReAl-dan da çox ədəb-ərkanla getmişəm. Ötən dövrdə də bu ədəb-ərkanı qorumuşam”.
N.Cəfərli R.Ağayevdən soruşub siyasətlə məşğul olmaq istəmədiyi üçün ReAl-dan çıxmışdısa, indi nə baş verdi ki, birdən-birə siyasətə qayıdır?
R.Ağayev keçmiş partiyadaşına belə cavab verib:
“Əvvəla, yeni yaranan təşkilatın niyə sizin “kopiyanız” olduğunu iddia edirsiniz? Arqumentiniz nədir – yalnız ad oxşarlığı? İkincisi, siz axı özünüzü yetkin siyasətçi sayırsınız – bəzən siyasətdə şərtlər, şərait atdığınız addımların real səbəblərini müəyyən bir zaman üçün tam açıqlamamağı da zəruri edə bilir. Üçüncüsü, mənim açıqlamam səhifəmdə hələ də durur – mən “siyasətlə məşğul olmaq istəmədiyim üçün” yazmamaşam. Arqument bu olub ki, təşkilatın inkişafı üçün real və gərəkli töhfələri verə bilmirəm. Hər halda bu açıqlama təşkilatı yox, özümü günahkar çıxararaq getməkdir”.