• 22 Noyabr 2024 13:36

Rustəm Raza – Napoleonun erməni mühafizəçisi. 

Onun həyatının ilk dövrü haqqında məlumatlar qarışıq və ziddiyyətlidir. Məlum olan odur ki, 1780-ci illərin əvvəllərində Tiflisdə anadan olub. Müxtəlif mənbələrdə 7-dən 13-ə qədər göstərilən yaşda müsəlmanlar tərəfindən əsir alınıb. Bir neçə dəfə qul kimi satılıb.

1797-1798-ci illərdə İstanbulda Misir bəylərindən biri onu alır. Qahirəyə aparılan Rüstəm burada İslamı qəbul eidr, sünnət olunur. Məmlük qvardiyasına yazılır. 1799-cu ildə isə öz razılığı ilə həmin Misir bəyi tərəfindən Napoleona bağışlanır.

Rüstəm Raza 15 il ərzində mühafizəçi və kamerdiner olaraq Napoleonu kölgə kimi müşayiət edir. 1804-cü ildə Napoleonun tacqoyma mərasimində karetanın önündə şərq paltarında atın üzərində gedərək, mərasimə xüsusi ekzotika qatır. Onun təhlükəsizlik məqsədilə hətta Napoleonun qapısı ağzında yatdığı yazılır.

Fransada katolikliyi qəbul edən Rüstəm burada evlənir. Toyun bütün xərcini imperator çəkir, üstəlik, toy hədiyyəsi olaraq xidmətçisinə lotoreya konsessiyası bağışlayır.

Amma Rüstəmin sadiqliyi Napoleonun ulduzu parlayana qədər davam edir. İmperator ilk dəfə məğlub olub taxtdan əl çəkəndə və Elba adasına hakim göndəriləndə Rüstəm onu müşayiət etməkdən boyun qaçırır. Maraqlıdır ki, bir çox mənbələrdə buna bəraət qazandırmağa cəhd edilir. Guya Napoleon intihar etmək üçün Rüstəmdən silah istəyib, o da imperatorun ölümünə bais olmamaq üçün qaçıb. Süniliyi uzaqdan görünən versiyadır və yəqin ki, Rüstəmə haqq qazandırmağa çalışan soydaşları tərəfindən uydurulub.

Bu versiyanın yalan olmasının Napoleonun Rüstəmə sonrakı münasibəti də sübut edir. Elbadan qayıdıb “Yüz günlük hakimiyyət”ə gələn imperatora Rüstəm dərhal öz xidmətini təklif edir, amma Napoleon onu görmək istəmir.

Rüstəm Raza 1845-ci ildə Paris yaxınlığında Durdanda vəfat edib.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər