• 24 Noyabr 2024 03:03

London Ərdoğanla görüşən Şotlandiya nazirinə xəbərdarlıq edib

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron Şotlandiya hökumətini təhdid edərək xarici əlaqələrin qurulmasında Forin-ofisin şotlandlara yardımını dayandıra biləcəyini deyib. Kemeronu Şotlandiyanın birinci naziri Həmzə Yusafın Forin-ofisin nümayəndəsinin iştirakı olmadan Türkiyə Prezidenti Ərdoğanla görüşməsi və Qəzza sektorundakı müharibə ilə bağlı mövqeyini bildirməsi əsəbləşdirib. 

Birləşmiş krallığın tərkib hissələrinin muxtariyyəti haqqında qanunlara görə, həmin hissələr yalnız öz kompetensiyalarına aid sahələr üzrə xarici əlaqələri inkişaf etdirə bilərlər, əcnəbi siyasətçilərlə görüşlər zamanı isə, protokola görə, Britaniya XİN nümayəndəsi iştirak etməlidir.

BBC-nin də tanış olduğu məktubda Kemeron Dubayda keçirilən iqlim konfransının gedişində Yusafın prezident Ərdoğanla görüşəcəyi barədə Britaniya diplomatlarının əvvəlcədən xəbərdar edilməməsinə və bu səbəbdən Forin-ofis nümayəndəsinin həmin görüşdə iştirakının baş tutmamasına görə Şotlandiyanın xarici əlaqələr naziri Aqnus Robertsonu qınayır.

“Xarici işlər nazirliyinin nümayəndəsinin iştirak etməməsi protokola ziddir”, – yazan Kemeron belə halların davam edəcəyi təqdirdə XİN görüşlərin təşkilində yardımı və logistik dəstəyi dayandıracağını bildirib.

 

Yusafın mətbuat xidməti isə deyir ki, diplomatlar xəbərdar və dəvət ediliblər, amma bu görüşlərin mahiyyəti elədir ki, çox vaxt spontan baş verirlər, son dəqiqədə vaxtları dəyişdirilir. İndiki halda da XİN nümayəndəsi Türkiyə prezidentinə uyğun vaxtda gələ bilməyib.

Şotlandiya hökumətindəki mənbə BBC-yə deyib ki, şotlandların fikrincə, Kemeron bu hadisəyə həddən artıq önəm verir: “Axı biz prezidentə deyə bilməzdik ki, bir az gözləyin, müşayiətçimizi tapaq”.

Amma BBC-də olan məlumata görə, problem təkcə bu formallıqda deyil: Forin-ofisi Yusafın dedikləri narahat edir.

Həmzə Yusuf dekabrın 1-də Ərdoğanla görüşdən sonra X şəbəkəsində prezidentlə iqlim və Qəzzadakı müharibə haqqında danışdığını, atəşkəsə çağırdığını yazıb.

Bu mövqe Londonun rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Məsələn, atəşin dərhal dayandırılması haqqında qətnamə BMT TŞ-da son dəfə səsə qoyulanda Böyük Britaniya bitərəf qalıb.

“Şotlandiya haqqında Qanuna görə, xarici siyasət Londonun səlahiyyətindədir və indiki mürəkkəb dövrdə Böyük Britaniyanın beynəlxalq arenada vahid və ardıcıl mövqedən çıxış etməsi heç zaman olmadığı qədər mühümdür”, – Britaniya hökumətinin mətbuat xidməti hadisəni belə şərh edib.

Həmzə Yusaf avqustda eynilə indiki kimi – Forin-ofis nümayəndəsinin iştirakı olmadan – İslandiyanın baş naziri ilə görüşəndə əvvəlki xarici işlər naziri Ceyms Kleverli də şotlandlara nəticələrlə bağlı xəbərdarlıq etmişdi.

Amma BBC-nin hökumətdəki həmsöhbəti deyir ki, Kemeron şotlandların xarici kontaktları ilə bağlı daha sərt mövqe tutmaq niyyətindədir.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər